Futbolçular niyə içdikləri mayeni tüpürürlər? – Bunun elmi səbəbi var - (Video)

7 İyul 2026 01:01

Futbol matçları zamanı bəzi oyunçuların su və ya idman içkisini ağızlarında çalxaladıqdan sonra udmaq əvəzinə tüpürməsi uzun illərdir diqqət çəkən məqamlardan biridir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu vərdiş təsadüfi deyil və idman performansını artırmağa yönəlmiş elmi üsullardan biri hesab olunur. Bu metod "karbohidratla ağız yaxalama" adlanır. Karbohidrat tərkibli maye bir neçə saniyə ağızda saxlanılır və sonra udulmadan xaric edilir. Araşdırmalar göstərir ki, ağızdakı reseptorlar karbohidratı hiss etdikdə beyinə siqnal göndərilir və bu da idmançının motivasiyasına, diqqətinə və fiziki performansına müsbət təsir göstərə bilər. 

Bundan əlavə, yüksək tempdə oynayan futbolçular bəzən çox maye qəbul etməyin mədədə ağırlıq və narahatlıq yarada biləcəyini nəzərə alaraq, sadəcə ağızlarını nəmləndirməklə kifayətlənirlər. Bu üsul həm susuzluq hissini qismən azaldır, həm də oyunun gedişində narahatlığın qarşısını almağa kömək edir. 

Beləliklə, futbolçuların mayeni udmaması qəribə vərdiş deyil, peşəkar idmanda tətbiq olunan və müəyyən hallarda performansa müsbət təsir göstərə bilən elmi əsaslı üsullardan biri kimi qiymətləndirilir. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)