Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb.
Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşması kimi əlamətlərlə müşayiət olunur.
Lakin qan təzyiqi tədricən yüksələrək uzun müddət yüksək səviyyədə qalarsa, orqanizm bu vəziyyətə uyğunlaşmağa başlayır. Belə hallarda insan heç bir simptom hiss etməyə və hipertoniyanın inkişafından xəbərsiz ola bilər.
Vinoqradova vurğulayıb ki, hipertoniya fəsadlarına görə olduqca təhlükəli xəstəlikdir.
Onun sözlərinə görə, yüksək qan təzyiqi ürəkdə struktur dəyişikliklərinə, qan damarlarının zədələnməsinə, böyrəklərin fəaliyyətinin pozulmasına, görmə problemlərinə və idrak qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Müalicə olunmadıqda isə bu problem ürək və böyrək çatışmazlığı, infarkt, insult, görmə qabiliyyətinin itirilməsi, eləcə də demensiya riskini əhəmiyyətli dərəcədə artırır.
Problemi vaxtında aşkarlamaq üçün kardioloq ev şəraitində mütəmadi olaraq qan təzyiqinin ölçülməsini tövsiyə edir. Bunun üçün üç-yeddi gün ərzində səhər və axşam saatlarında ölçmə aparmaq, nəticələri isə xüsusi gündəlikdə qeyd etmək məsləhətdir.
Əgər tonometr 135/85 mm civə sütunu və ya daha yüksək göstərici qeydə alarsa, müayinə və müvafiq müalicənin təyin edilməsi üçün dərhal kardioloqa müraciət etmək lazımdır.
Hipertoniyanın profilaktikası məqsədilə Vinoqradova balanslı qidalanmağı, duzun, fastfudun, kolbasa məhsullarının və transyağ tərkibli qidaların istehlakını məhdudlaşdırmağı, müntəzəm fiziki aktivliklə məşğul olmağı, siqaret və spirtli içkilərdən imtina etməyi, həmçinin təşviş pozuntuları və yuxu apnoesini vaxtında müalicə etdirməyi tövsiyə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)