Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib

4 İyul 2026 21:04

Tovuzun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Məmmədovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Milli.Az xitab24.az-a istinadən xəbər verir ki, cinayət hadisəsi ilə əlaqədar mərhumun həmkəndlisi 1975-ci il təvəllüdlü Yaşar Qasımov təqsirləndirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yaşar Qasımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, hadisə qonşular arasında yaranmış mübahisə nəticəsində baş verib.

Belə ki, evdə içki məclisi zamanı Elxan Məmmədov Yaşar Qasımovun siqaretini götürərək cibinə qoyub. Bu zaman tərəflər arasında mübahisə yaşanıb və davada Yaşar əvvəlcə Elxana yumruq zərbələri endirib, daha sonra onun başını betona bir neçə dəfə çırparaq öldürüb.

Bundan sonra Yaşar Qasımov törətdiyi cinayət əməlini gizlətmək məqsədilə Elxan Məmmədovun meyitini yaşadığı evin yaxınlığında keçən Zəyəm çayına atıb.

Qeyd edək ki, hadisədən sonra Yaşar Qasımov Elxan Məmmədovun yasında da iştirak edib. Bir müddət sonra həmin cinayətin onun tərəfindən törədildiyi müəyyən olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)