Bilgəh qəsəbəsində yerləşən "Bilgəh" Kardioloji Sanatoriyasının ərazisindən çimərliyə giriş pullu olub.
Bu barədə Milli.Az-a şikayət daxil olub.
Saytımıza müraciət edən vətəndaş bildirib ki, əvvəllər sərbəst istifadə olunan yol hazırda şlaqbaumla bağlanıb və həmin istiqamətdə hərəkət edən avtomobillərdən ödəniş alınır. Söhbət Bilgəh sanatoriyasının həyətindən keçərək dəniz sahilinə aparan köhnə yoldan gedir.
Vətəndaşın təqdim etdiyi fotodan da görünür ki, ərazidə parklanma qaydaları yerləşdirilib. Lövhədə göstərilir ki, ilk 1 saat parklanma ödənişsizdir, 1-3 saat üçün 4 manat, 3-5 saat üçün 6 manat, 5-7 saat üçün 8 manat, 7-24 saat üçün isə 10 manat ödəniş nəzərdə tutulub. Ödənişin onlayn qaydada həyata keçirildiyi qeyd olunur.
Nəzərə çatdıraq ki, bir neçə il öncə də oxşar iddialar səsləndirilib. Həmin vaxt məsələ ilə bağlı verilən rəsmi açıqlamada sözügedən ərazinin sanatoriyaya məxsus olduğu bildirilib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)