Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatında növbəti tarixi uğuruna imza atıb.
Milli.Az xəbər verir ki, təcrübəli futbolçu həm dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən oyunçu olub, həm də DÇ-2026-nın bombardirlər siyahısında liderliyə yüksəlib.
Kabo-Verde ilə 1/16 final mərhələsində keçirilən qarşılaşmada həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan Lionel Messi mundialların final mərhələlərində assistlərinin sayını 9-a çatdırıb. Bununla o, bu göstəricidə Dieqo Maradonanı geridə qoyaraq yeni rekordun sahibi olub.
Həmin oyunda vurduğu qolla DÇ-2026-da qol sayını 7-yə yüksəldən Argentina millisinin lideri bombardirlər yarışında da birinci pilləyə yüksəlib. Beləliklə, Lionel Messi 6 qolu olan Fransa millisinin hücumçusu Kilian Mbappeni geridə qoyub.
Qeyd edək ki, 2023-cü ildən ABŞ-nin MLS təmsilçisi "İnter Mayami" klubunun formasını geyinən Lionel Messi karyerası ərzində "Barselona" və PSJ-də də çıxış edib. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub və rekord sayda - səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)