“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

3 İyul 2026 20:45

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bəyannamədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə, dərin minnətdarlıq ifadə olunub.

Sənəddə həmçinin "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)