Kövrək sümüklər

24 Sentyabr 2012 02:30
Uşaqlıq dövründə civə kimi qaynayan, yerə-göyə sığmayan uşaqların dəcəlliyi bəzən xoşagəlməz hadisələrlə nəticələnir. Uşaqlar gün ərzində oynayarkən bir neçə dəfə yıxılır, əzilir və bəzi hallarda onların qol, və aşağı ətraflarında sınıqlar baş verir. Çünki böyüklərdən fərqli olaraq uşaqların sümüyü nazik, kövrək, möhkəmliyi isə nisbətən azdır. Ona görə də bu dövrdə valideynlərin uşaqlar üzərində nəzarəti xüsusi önəmlidir.

Sınan sümüklər

Həkim-pediatr Nigar Cəfərova deyir ki, sınıqlar, əsasən, qapalı və açıq olur. Əzələ və dərinin tamlığı pozulanda buna açıq sınıqlar, pozulmayanda isə qapalı sınıqlar deyilir. Sümük bir neçə yerdən sınarsa, mürəkkəb, bir yerdən sınarsa, sadə sınıq sayılır. Sınıqların bəzi növləri yalnız uşaqlarda təsadüf edilir ki, bu da sümüklərin anatomik quruluşundan və onun fizioloji xüsusiyyətlərindən irəli gəlir. Uşaqlarda sümüküstlüyü qalın və elastiki olur. Lülə sümüklərinin uclarının sümüyün uzanmasını təmin edən enli qığırdaqla birləşməsi travma zamanı onun gücünü azaldır və uşaqlara məxsus olan sınığı əmələ gətirir. Bu anatomo-fizioloji xüsusiyyətlər hesabına uşaqlarda yalnız onlara xas olan natamam sınıqlar baş verir.

Natamam sınıqlara qırılma və sümüküstlüyü aiddir. Sümüküstlüyü qalın və elastiki olduğuna görə sümük büküldükcə o bir tərəfdən qırılır, əks tərəfdən isə salamat qalır. Belə sınıqların klinik mahiyyəti ondadır ki, burada yalnız bucaqvari yerdəyişmə olur ki, onu da çox asan repozisiya (sümüyün əvvəlki vəziyyətinə qayatarılması) etmək olur: "Sümük sümüküstlüyünə nisbətən az elastiki olur. Ona görə də travma zamanı sümük sınır, sümüküstlüyü isə salamat qalır. Bu cür sınıqların klinik xüsusiyyəti sümük fraqmentlərinin yerini dəyişməsidir. Odur ki, ətrafı gips langeti ilə fiksə etmək kifayət edir. Sümüküstlüyüaltı sınıqlar ən çox said və baldır sümüklərinin sınıqlarında müşahidə edilir".

Dözülməz ağrı...

Həkimin sözlərinə görə, sınıqların ümumi klinik əlamətlərinə güclü ağrı, ətrafın deformasiyası, funksiyanın pozulması, qısalması, travma nahiyəsinə qansızma, travmatik şişkinlik, potoloji hərəkətlilik aiddir. Ancaq bu əlamətlər həmişə aydın şəkildə özünü göstərmir. Məsələn, natamam sınıqlarda. Sümük fraqmentlərinin tam yerdəyişməsi olduqda isə əlamətlər yaxşı nəzərə çarpır. Yeni doğulmuşlarda və südəmər uşaqlarda çox vaxt sınıqları, xüsusən də epifiz nahiyəsində hətta rentgen müayinəsi belə aşkara çıxara bilmir.

Yaxşı inkişaf etmiş dərialtı piy və fraqmentlərin yerdəyişməsi olmadıqda kiçik yaşlı uşaqlara sınıq diaqnozu deyil, əzilmə diaqnozu qoyulur ki, bu da müalicə taktikasının səhv seçilməsi nəticəsində gələcəkdə müxtəlif fəsadlara gətirib çıxarır. Ətrafda şişkinlik, ağrının və funksiyanın pozulması, temperaturun yüksəlməsi ilə müşayiət olunarsa, səhvən osteomielit diaqnozu qoyula bilər. Ona görə də sınığa azca belə şübhə olduqda mütləq rentgen edilməlidir: "Kiçik yaşlı uşaqlar sınıqlar zamanı ağrıya görə müayinədən qorxduqları üçün yaxşı olar ki, rentgenoqrafiya müayinədən qabaq olsun".

Sümüklərin bərpa prosesi

Pediatr bildirib ki, uşaqlarda sümük sınıqlarının müalicəsi, əsasən, konservativ üsulla aparılır. Əksər təsadüflərdə sınıqlarda fiksəedici sarğılardan, bəzən isə dəri və skeleti funksional dartma üsulundan istifadə olunur. Sınıqlarda bəzi hallarda gips langeti qoyulur. Gips langeti yumşaq tənzif bintlə bərkidilir. Kəskin travma zamanı dairəvi gips sarğılarından istifadə edilmir. Bu, çox vaxt ödemin (şişkinlik) artması ilə əlaqədar olaraq ətrafda qan dövranının pozulmasına və ağır fəsadların meydana çıxmasına səbəb olur. Əgər lazım gələrsə, 7-8 gündən sonra gips langeti boşalarsa, onu yumşaq və ya gips binti ilə bərkitmək olar. Müalicə ərəfəsində hər 5-7 gündən bir rentgen müayinəsi edilməlidir.

Uşaqlarda sınığın müalicə üsulunu seçərkən onların inkişafı ilə əlaqədar olaraq bəzi deformasiyaların öz-özünə korreksiya edə biləcəyini mütləq nəzərə almaq lazımdır: "Öz-özünə korreksiyanın dərəcəsi uşağın yaşından, sınığın lokalizasiyasından və eləcə də yerdəyişmənin növündən asılıdır. Bununla bərabər inkişaf zonasının zədələnməsi müalicə prosesində nəzərə alınmazsa, sonradan inkişafla əlaqədar olaraq bu və ya digər deformasiyanın meydana çıxmasına səbəb olur. Ona görə də bunu heç vaxt unutmaq olmaz. Uşaq nə qədər kiçik olarsa, deformasiyaların özbaşına korreksiyası da bir o qədər asan olur. Unutmaq olmaz ki, qırılan sümük düzgün birləşdirilməyəndə sonradan həmin nahiyədə əyrilik ortaya çıxır".

Uzunlüləli sümüklər sınanda hərəkət məhdudlaşır

N.Cəfərovanın dediyinə görə, uzunlüləli sümüklərdə sınıqlara rast gəlmə nahiyəsinə görə rentgen müayinəsini və müalicə taktikasını düzgün seçmək üçün sınıqlar üç qrupa bölünür. Uzunlüləli sümüklərin sınıqlarında ətraf yana sallanmış olur, hərəkət məhdudlaşır. Bazunun (qolun yuxarı hissəsi) yuxarı hissəsində şişkinlik olur. Bazu sümüyünün aşağı üçdə birinin sınığı daha çox təsadüf olunur və bazu sümüyü sınığının 64 faizini təşkil edir. Bu nahiyənin sınıqları həm diaqnostika, həm də müalicə nöqteyi-nəzərdən ən ağır sınıqlar qrupuna aiddirlər. Hər şeydən əvvəl bu, bir tərəfdən dirsək oynağının anatomik və funksional cəhətdən ən mürəkkəb oynaq olması, digər tərəfdən isə həkimlərin bu sınıqlar barədə məlumatının az olması ilə izah olunur. Bazu sümüyünün sınıqları zamanı əgər heç bir yerdəyişmə yoxdursa, sağlam kürəyin ucundan başlayaraq əl-daraq sümüklərinə qədər gips langeti qoyulur. Belə sınıqların müalicəsi mütləq stasionar şəraitdə aparılmalıdır.

Ən çox rast gəlinən sınıqlar

Uşaqlar arasında said (dirsək) sümüklərinin sınıqlarına daha çox təsadüf edilir. Həkim-pediatr vurğulayıb ki, sınıqlar adətən açılmış əllər üzərinə, bədən ağırlığı ilə yıxıldıqda, az təsadüflərdə isə bilavasitə said nahiyəsinə dəyən zərbə nəticəsində baş verir. Ən çox qapalı və az halda isə açıq sınıqlara rast gəlinir. 15,8 faiz saidin yumşaq toxumalarının müxtəlif zədələnmələrinə təsadüf olunur. Said sümüklərinin yuxarı uclarının sınıqları isə olduqca az hallarda baş verir. Said sümüklərinin birgə sınıqları çox vaxt orta və aşağı hissələrdə baş verir. Travmanın xarakterindən və gücündən asılı olaraq üç cür sınıqlar müşahidə edilir. Sümüküstlüyüaltı, qırılmalar və tam sınıqlar. Bu sınıqların hər birinin özünəməxsus klinikası və müalicə üsulu var.

Said sümüyünün sınığı zamanı uşaq saidin aşağı nahiyəsində ağrıdan şikayət edir. Həmin yerdə şişkinlik aşkar edilir. Oynaqlarda hərəkət məhdudluğu olmur. Diaqnoz rentgenoloji müayinəyə əsasən qoyulur. Müalicə adətən ambulatoriya şəraitində aparılır: "Dirsək sümüyünün sınığına əsasən, böyük yaşlı uşaqlarda zərbənin bilavasitə dirsək çıxıntısına dəyməsi nəticəsində baş verir. Sümük fraqmentinin tam qopması nəticəsində yan bağlar qırılır, sümüküstlüyü dağılır və çıxıntı öz yerini yuxarıya döğru dəyişir. Dirsək oynağı nahiyəsində şişkinlik, ağrı, hərəkət məhdudlaşması, oynaqətrafı toxumaya qansızma müşahidə olunur.

Dirsək oynağına əllə toxunduqda, dirsək çıxıntısını yana və önə hərəkət etdirdikdə patoloji hərəkətlilik hiss olunur. Rentgenoqrammada dirsək çıxıntısının sümükləşmə nüvəsi gec görünür. Ona görə də o səhvən sınıq kimi başa düşülə bilər. Dirsək sümüyünün dirsək çıxıntısının sınığının yerdəyişməsi olmadıqda və ya az yerdəyişmə olduqda ətrafı 100 - 110 bucaq altında bükülür, 10-12 günlüyə gips langeti qoyulur. Gips langeti açıldıqdan sonra fizioterapiya tətbiq olunur. Oynaqda tam hərəkət 2-3 həftəyə bərpa olunur".

Oturmaq əziyyət verir

Həkim qeyd edib ki, çanaq sümüklərinin sınıqlarına nisbətən az təsadüf olunur. Ağır travmalar qrupuna aid edilən çanaq sümüklərinin sınıqları çox vaxt nəqliyyat travmaları nəticəsində baş verir. Çanaq sümüklərinin sınıqlarına az təsadüf edilməsi uşaq çanağının bir sıra anatomo-fizioloji xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, böyüklərdən fərqli olaraq uşaqlarda çanaq sümüklərinin bağ aparatının zəif inkişaf etməsi, qasıq sümüklərində sümükləşmənin gec formalaşması imkan verir ki, travma zamanı dəyən zərbənin gücü azalsın və uşaqlar üçün xarakterik sınıqlar baş verir.

Çanaq sümüklərinin sınıqları məktəbəqədər yaşlarda az təsadüf olunur. Ən çox 8-15 yaşlı uşaqlar üçün xarakterikdir. Xəstəliyin klinikası çanaq sümükləri sınıqlarının ağırlıq dərəcəsindən asılıdır. Xəstənin aldığı məcburi vəziyyət travmanın xarakteri barədə tasəvvür yaradır. Çanaq sümüklərinin təcrid olunmuş sınığı zamanı sınıq nahiyəsində ağrı, şişkinlik, ertəsi gün isə yumşaq toxumaların qançırı aşkar edilir. Hər iki qalça sümüyü darağını sıxdıqda sınıq nahiyəsində ağrı meydana çıxır. Çanaq bölgəsinin, xüsusən də arxa hissəsinin sınığı olduqda damarların partlaması nəticəsində çoxlu qansızma olur ki, bu da şoka səbəb olur. Sınıq çanağın ön hissəsində və ya oturaq hissəsində olduqda düz bağırsaqdan barmaq müayinəsilə onu aşkar etmək mümkün olur. Diaqnozu rentgen müayinəsi dəqiqləşdirir.

Çanaq sümüklərinin sınıqları bəzən çanaq daxili üzvlərin - sidik kisəsi, düz bağırsağın zədələnməsi ilə gedə bilər, ona görə də bunu həmişə nəzərə almaq lazımdır: "Çanaq sümüklərinin sınıqları zamanı xəstə arxası üstə bərk çarpayıda bud-çanaq və diz oynaqlarında azacıq bükülmüş vəziyyətdə və dizlərinin altına yastıq qoyaraq bir-birindən aralı saxlanılır. Müalicə gimnastikası 12-14 gündən sonra başlanır. Sağalma müddəti sınığın xarakterindən asılı olaraq 3-6 həftə olur.

Çanaq sümüklərinin ağır travmaları zamanı yerli əlamətlərlə yanaşı, şok əlamətləri də özünü çox aydın göstərir. Xəstənin rəngi avazımış, soyuq tər, susuzluq, nəbz zəif və tezləşmiş, arterial qan təzyiqi enmiş olur. Çanaq sümüklərinin ağır travması zamanı çanaq ətrafı yumşaq toxumalara qan sıza bilər. Ona görə də çanaq travmalarında müalicəyə şok əleyhinə olan tədbirlərdən başlanılmalıdır. Bunun üçün ilk tədbir ağrısızlaşdırmadır".

Hərəkət qadağandır

N.Cəfərovanın söylədiyinə görə, bud sümüyü sınıqları bədənin digər nahiyəsinin sınıqları ilə qospitalizə olunan xəstələrin 16,6 faizini təşkil edir. Uşaqlarda sümüklərin anatomo-fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq onlarda, əsasən, qapalı sınıqlara təsadüf olunur. Bud sümüyü sınıqları üç yerə yuxarı, orta və aşağı sınıqlara bölünür. Məktəb yaşlı uşaqlarda çox vaxt sümüküstlüyüaltı sınıqlara təsadüf edilir. Əmələgəlmə mexanizminə görə bud sümüyü sınıqları hündürlükdən yıxılma, nəqliyyat travmaları və ayağın burulması zamanı baş verir:

"Bud sümüyü sınıqları zamanı xəstə dabanını yerdən üzə bilmir. Böyük burma nahiyəsinə təzyiq etdikdə ağrı artır. Bud-çanaq oynağında aktiv və passiv hərəkət ağrılı olur. Ətraf qısalır. Sınığın və yerdəyişmənin xarakteri rentgenoloji müayinə vasitəsilə dəqiqləşdirilir. Bud sümüyü sınıqlarında xəstəyə 2-3 ay müddətinə koksik gips sarğısı qoyulur. Bu müddət ərzində xəstəyə hərəkət etmək olmaz. Gips çıxarıldıqdan sonra isə 4-6 həftə bu nahiyəni gücə salmaq olmaz. Yerdəyişmə ilə olan sınıqlar skelet dartma üsulu ilə müalicə olunur".

Rentgenlə dəqiq diaqnoz

Pediatr deyir ki, baldır sümüklərinin sınıqları ən çox 5 yaşdan yuxarı uşaqlarda təsadüf edilir. Baldır sümüklərinin sınıqlarında yuxarı, orta və aşağı sınıqlar aşkar olunur. Travmalar ən çox baldır nahiyəsinə dəyən qeyri-düz və bəzən də düz zərbədən baş verir ki, bu da vintəbənzər, spiral, çəp, köndələn sınıqların meydana çıxmasına səbəb olur:

"Xəstə sınıq nahiyyəsində ağrı, şişkinlik, ağrının diz oynağını bükəndə artmasından şikayət edir. Rentgenoloji müayinə diaqnozu dəqiqləşdirməyə kömək edir. Ətrafı arxa və ön gips langeti ilə 2-3 həftə müddətinə immobilizasiya edilr. Gips langeti çıxarıldıqdan sonra müalicə gimnastikasına başlanılır, xəstəyə ətraf üstündə durmağa icazə verilir".

Ayaq sındı, yerimə çətinləşdi

Həkim-pediatrın sözlərinə əsasən, ayaq sümüklərinin sınıqları uşaqlar arasında tez-tez rast gəlinən sınıqlardandır. Ayaq sümükləri içərisində ən çox travmaya məruz qalan daban sümüyüdür. Daban sümüyünün sınığı maktəbyaşlı uşaqlar arasında tullanma və hündürlükdən ayaq üstünə düşdükdə baş verir. Daban sümüyünün sınığı yerini dəyişmiş və dəyişməmiş növlərə bölünür. Xəstələr ağrıdan və daban sümüyü üstündə durmağın mümkün olmamasından, ayağı aşıq-daban oynağında açıb bükərkən daban nahiyəsində ağrının şiddətlənməsindən şikayət edirlər. Müayinə zamanı topuq vətəri nahiyyəsində ödemin, qansızmanın olması diqqəti cəlb edir. Diaqnoz rentgen müayinəsi ilə dəqiqləşdirilir. Sınıq zamanı ayağa gips sarğısı qoyulur və o, 5-7 gündən sonra dairəvi gipsə keçirilir. Sağalma müddəti 3-5 həftədir".

Zəhra
Milli.Az