Bakıda zəncirvari qəza: Yaralıların vəziyyəti açıqlandı - (Foto)

3 İyul 2026 16:53

Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az  bildirir ki,  Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 2-də saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (iki qadın, bir kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib", - deyə məlumatda bildirilir.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib. O qeyd edib ki, zəncirvari qəza iyulun 2-də saat 19:50-də Qara Qarayev prospektində qeydə alınıb.

"Hadisə Rakif Səlifovun idarə etdiyi "Chevrolet" markalı 77-MM-144 dövlət nömrə nişanlı, Tapdıq Süleymanovun idarə etdiyi "Ford" markalı 77-KM-615 dövlət nömrə nişanlı, Almara Yusifovanın idarə etdiyi "Hyundai" markalı 99-KK-766 dövlət nömrə nişanlı və Tural Abışzadənin idarə etdiyi "Changan" markalı 77-XC-080 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.

Nəticədə "Chevrolet"in sürücüsü Rakif Səlifov, həmin avtomobildə olan sərnişin Fərqanə İsayeva və "Hyundai" markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)