Beynəlxalq Muğam Mərkəzində ənənəvi "Muğamat axşamı" layihəsinin 2025-2026-cı il mövsümünün yekun konserti keçirilib.
Milli.Az xəbər verir ki, konsert proqramında Azərbaycan muğam sənətinin incilərindən olan "Bayatı-Şiraz", "Şur", "Rast muğamları və təsniflər səsləndirilib. Milli musiqimizin zəngin ənənələrini əks etdirən proqram dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Gecədə BMM-ın solistləri Əməkdar artist İlkin Əhmədov, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Nisbət Sədrayeva, Könül Məmmədli, Rəvan Qaçayev gənc xanəndələr Murad Laçın və Ülkər Abdullayeva çıxış ediblər. İfaçılar yüksək peşəkarlıq nümayiş etdirərək muğamlarımızı və təsnifləri özünəməxsus ustalıqla təqdim edib, tamaşaçılara yaddaqalan musiqi axşamı bəxş ediblər.
Xanəndələri BMM-ın solistlərindən ibarət instrumental heyət - tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, balabanda Rafael Əsgərov, qanunda Röya Hacıyeva, nağarada Amil Mustafayev müşayiət edib.
Bir-birindən maraqlı ifalar zalda xüsusi sənət ab-havası yaradıb. Konsert boyunca səslənən hər nömrə tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb, ifaçıların çıxışları dinləyicilər tərəfindən yüksək əhval ilə qarşılanıb.
"Muğamat axşamı" layihəsi mövsüm ərzində milli musiqi irsimizin qorunması, təbliği və geniş auditoriyaya çatdırılması istiqamətində uğurla fəaliyyət göstərib. Layihə çərçivəsində keçirilən konsertlər muğamsevərlərin böyük marağına səbəb olub və Azərbaycan muğam sənətinin yaşadılmasına mühüm töhfə verib.
Mövsümün yekun konserti də yüksək bədii səviyyəsi ilə yadda qalıb və tamaşaçıların gur alqışları ilə başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)