Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam" sərgisi çərçivəsində Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Milli.Az xəbər verir ki, tədbirin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktoriya Romero çıxış ediblər. Çıxışlarda Elbəy Rzaquliyevin müxtəlif ölkələrə, xüsusilə Meksikaya səfərinin onun yaradıcılığında özünəməxsus yer tutmasından bəhs olunub. Həmçinin sərgi çərçivəsində keçirilən tədbirin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşma və mədəni dialoqun möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib.
Tədbirdə Avstriya, İspaniya, Portuqaliya, Macarıstan, ABŞ, Ukrayna, Xorvatiya və Argentina səfirliklərinin nümayəndələri iştirak ediblər.
Ekskursiya zamanı qonaqlar Elbəy Rzaquliyevin həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən 80-ə yaxın rəngkarlıq və qrafika əsərləri, kino eskizləri, fotoşəkillər və multimedia materialları ilə tanış olublar. Sərgidə rəssamın Meksika ilə yanaşı ABŞ, Yaponiya, Nepal, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən ilhamlanaraq yaratdığı əsərlər xüsusi maraq doğurub.
Tədbirin bədii hissəsində rəssamın qızı, pianoçu Aytac Rzaquliyeva Meksika bəstəkarlarının seçilmiş əsərlərini ifa edib. Musiqi proqramı sərginin mövzusu ilə həmahəng ab-hava yaradaraq qonaqlara unudulmaz anlar yaşadıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)