Gənc nəslin təbiətə marağını artırmaq, onları ətraf mühitlə daha yaxından təmasa təşviq etmək və təbiətin füsunkarlığını müxtəlif fəsillərdə yaradıcılıq vasitəsilə əks etdirmək məqsədilə "Yay arzuları" adlı yaradıcılıq sərgisinə əsər qəbulu başlayıb.
"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" şüarı ilə keçirilən sərginin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir.
Layihəyə Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyi dəstək verir.
Sərgidə iştirak etmək istəyən 8-21 yaş arası gənclər yay mövzusunda hazırladıqları əsərlərlə müraciət edə bilərlər. Tövsiyə olunan mövzular arasında "Yayın yaratdığı əhval-ruhiyyə", "Ətrafımdakı yay mənzərəsi", "Yayda təbiətin rəngləri", "Yay xəyallarım" və "Xəyalımda qalan yay səhnəsi" yer alır.
Hər iştirakçı maksimum üç əsər təqdim edə bilər. Əsərlərin ölçüsü 30x40 sm-dək olmalıdır. Münsiflər heyəti tərəfindən seçilən 100 ən yaxşı əsər sərgidə nümayiş etdiriləcək, müəlliflərinə isə sertifikat təqdim olunacaq.
Əsərlərin qəbulu 30 sentyabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır.
Müraciət zamanı aşağıdakı məlumatlar təqdim edilməlidir:
əsərin fotosu;
əsərin adı;
ölçüsü və texnikası;
müəllifin adı və soyadı;
təhsil aldığı məktəb və əlaqə vasitəsi;
doğum tarixi.
Qeyd olunur ki, natamam məlumatlarla göndərilən müraciətlər qəbul edilməyəcək.
Sərgidə iştirak ödənişsizdir.
Əlavə məlumat üçün: 051 310 74 01 (telefon/WhatsApp).
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)