XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirildi - FOTO

2 İyul 2026 23:21

Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılışı baş tutdu.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, konsullar, şəhərin ziyalıları, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı şəhər sakinləri və qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Xalq artistləri Firəngiz Əlizadə və Aygün Səmədzadə açaraq festival iştirakçılarını salamladılar. Çıxışlarda XV Beynəlxalq İpək Yolu Festivalının müxtəlif xalqların mədəniyyətini və incəsənətini bir araya gətirən, beynəlxalq mədəni əməkdaşlığın inkişafına xidmət edən mühüm layihə olduğu vurğulandı.

Daha sonra  Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Filarmoniyanın solistləri və rəqs kollektivi maraqlı konsert proqramı ilə çıxış etdilər.

Festivalın beynəlxalq ruhunu əks etdirən konsert proqramında Qırğızıstan Respublikasının Bişkek şəhərində fəaliyyət göstərən "Seytek" Milli Uşaq və Gənclər Mərkəzinin "Ak-Niyyət" Xalq Xoreoqrafiya Ansamblı maraqlı rəqs nömrəsi ilə çıxış edərək tamaşaçıların böyük rəğbətini qazandılar.

Zəngin musiqi və rəqs nömrələri ilə yadda qalan təntənəli açılış konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. XV Beynəlxalq İpək Yolu Festivalı növbəti günlərdə də müxtəlif ölkələrin incəsənət kollektivlərinin iştirakı ilə rəngarəng proqramlarla davam edəcək.