Xırt-xırt pide tikələri, nazik doğranmış yumşaq əti, bol tomat sousu və qızmar kərə yağı ilə süfrələrə restoran ləzzəti gətirən İsgəndər kababını ev şəraitində hazırlamaq olduqca asandır. Düzgün bişirmə texnikaları ilə ətin yumşaqlığını qoruya, qatı sous və qatıqla klassik sunumu tam şəkildə əldə edə bilərsiniz.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Əti üçün:
450 q dana kontrfile (və ya antrikot)
3 xörək qaşığı duru yağ
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
Yarım çay qaşığı qara istiot
Sousu üçün:
2 xörək qaşığı tomat pastası
1 ədəd rəndələnmiş pomidor
1 stəkan isti su
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı şəkər tozu
Duz və yarım çay qaşığı kəklikotu
Alt təbəqəsi üçün:
2 ədəd dırnaq pide
2 xörək qaşığı kərə yağı
Servis üçün:
1,5 stəkan süzmə qatıq, qızardılmış pomidor və yaşıl bibər, üzərinə tökmək üçün 2 xörək qaşığı əridilmiş kərə yağı.
Hazırlanma qaydası:
Dana ətini təxminən 2-3 saat dondurucuda saxlayın. Bir az sərtləşən əti iti bıçaqla mümkün qədər nazik dilimlərə bölün.
Pideləri kiçik kub şəklində doğrayın. Tavada kərə yağını əridib çörəkləri rəngi dəyişib çıtırlaşanadək qovurun və servis boşqablarının dibinə yayın.
Kiçik bir qazanda kərə yağını əridin, tomat pastasını bir az qovurun. Rəndələnmiş pomidoru, isti suyu, şəkər tozunu, duzu və kəklikotunu əlavə edin. Sous qatılaşana qədər təxminən 5-6 dəqiqə zəif odda bişirin.
Geniş bir tavada duru yağı yaxşıca qızdırın. Nazik dilimlənmiş ətləri tavanın dibinə tək sıra halında düzün və yüksək odda qısa müddətdə bişirin. Ətlərin rəngi dəyişdikdən sonra kərə yağı, duz və qara istiotu əlavə edib bir-iki dəfə çevirin və ocaqdan götürün.
Çıtır pidelərin üzərinə hazırladığınız isti sousu gəzdirin. Üzərinə bişmiş ətləri düzün. Boşqabın kənarına qatığı, yanına isə tavada qızardılmış pomidor və bibərləri qoyun. Son olaraq, qızdırılmış kərə yağını ətlərin üzərinə gəzdirin və dərhal isti şəkildə servis edin.
Ətin çox nazik doğranması üçün onu mütləq dondurucuda 2-3 saat gözlədin.
Tavanı yaxşıca qızdırmadan ətləri əlavə etməyin. Yüksək odda qısa müddətdə bişən ət daha yumşaq və şirəli qalır.
Ətləri tavaya bir dəfəyə çox doldurmayın, lazım gələrsə, bir neçə hissədə bişirin.
İsgəndəri hazırladıqdan sonra gözlətmədən servis etmək pidələrin çıtırlığını və ətin istiliyini qorumaq üçün çox vacibdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)