Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ölməz əsəri - "Otello" operasının möhtəşəm premyerası keçirildi. Premyera ilə eyni zamanda Azərbaycan opera sənətinin əlamətdar hadisəsinə çevrilən II Opera Günləri layihəsinin təntənəli bağlanış mərasimi baş tutdu.
Dünya opera sənətinin ən möhtəşəm nümunələrindən hesab olunan "Otello" tamaşası zəngin musiqi dili, dramatik süjeti və yüksək səhnə həlli ilə tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tamaşaya Əməkdar artist Əyyub Quliyev dirijorluq etdi. Quruluşçu rejissor Xalq artisti Azər Zeynalov, kostyum üzrə rəssam Ulya Abdullayeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər isə Daniil Kirillov, Roza Səlimova və Tofiq Şıxıyev oldular.
Premyerada əsas partiyaları Azərbaycanın tanınmış opera solistləri ifa etdilər. Otello obrazını Xalq artisti Azər Zeynalov, Dezdemona partiyasını Əməkdar artist Afaq Abbasova, Yaqo rolunu Əməkdar artist Anton Ferştandt, Kassio partiyasını Əməkdar artist Tural Ağasıyev, Emiliya rolunu Nina Makarova, Rodriqo partiyasını Əməkdar artist Əliəhməd İbrahimov, Lodoviko obrazını Xalq artisti Əkrəm Poladov, Montano rolunu İqor Yadrov, Herold partiyasını isə Ruslan Persan canlandırdılar.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistlərinin iştirakı ilə təqdim olunan tamaşa musiqi və səhnə sənətinin yüksək peşəkarlığını nümayiş etdirərək tamaşaçılarda dərin təəssürat yaratdı. İfaçıların peşəkar çıxışları, orkestr və xorun ahəngdar ifası, eləcə də səhnə quruluşunun bədii həlli operanın dramatizmini dolğun şəkildə tamaşaçılara çatdırdı.
Beləliklə, bir neçə gün ərzində opera sənətinin ən parlaq nümunələrini sənətsevərlərə təqdim edən II Opera Günləri layihəsi Cüzeppe Verdinin şah əsərlərindən biri olan "Otello" operasının möhtəşəm premyerası ilə uğurla başa çatdı. Layihə çərçivəsində keçirilən tədbirlər Azərbaycan opera sənətinin zəngin ənənələrinin təbliğinə, klassik musiqinin geniş auditoriyaya çatdırılmasına və milli mədəniyyətimizin inkişafına mühüm töhfə verdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az