Azərbaycan Milli Xalça Muzeyində "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində Əməkdar incəsənət xadimi, modelyer-rəssam və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovanın yeni kolleksiyasının nümayişi keçirilib.
Təqdim olunan kolleksiya Azərbaycan xalça sənətinin zəngin irsindən ilhamlanan on geyim nümunəsini birləşdirib. Dizayner öz işlərində ənənəvi xalça ornamentlərindən istifadə edib, xüsusilə milli simvollardan biri olan "buta" ornamentinə xüsusi yer ayırıb. Defilenin final akkordu isə Fəxriyyə Xələfova tərəfindən yaradılan xarıbülbül gülünün xalça interpretasiyası olub.
"Yeni kolleksiyamda Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunan xalçalardan ilhamlanaraq xalça ornamentlərindən istifadə etmişəm. Həmişə olduğu kimi, kolleksiyamda mənim sevimli milli ornamentim - buta xüsusi yer tutur. Finalda isə tamamilə yeni bir ornament - xarıbülbül gülünün xalça interpretasiyasını təqdim etdim. Bu, ilk dəfə baş verdi - mən yeni müəllif ornamentini yaratdım. Onun üzərində çox diqqətlə və ürəklə çalışdım. Bir an içində bu obraz sanki gözümün önündə canlandı. Kolleksiyamın son obrazı məhz bu ornamentlə tamamlandı - geyimin yuxarı hissəsində böyük xarıbülbül təsviri yer alır. Bu çox simvolikdir, çünki xarıbülbül gülü bizim Qələbəmizin simvoluna çevrilib. Bu güldən ilhamlanaraq gözəl tekstil printləri yaratmaq mümkündür. Mən də əvvəlki kolleksiyamda bu çiçəyin printini təqdim etmişdim. İlk olaraq xarıbülbülün gül motivli printini yaratdım, bu gün isə onun xalça ornamentini təqdim etdim", - deyə Fəxriyyə Xələfova Trend-ə müsahibəsində bildirib.
"Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi Azərbaycanın zəngin milli-mədəni irsini müasir moda dili ilə təqdim etməyə həsr olunub və ölkənin tanınmış və gənc dizaynerlərini bir platformada birləşdirib. Layihə iştirakçıları üçün əsas ilham mənbələrindən biri bu il 120 illiyi qeyd olunan görkəmli alim, rəssam və xalça sənəti tədqiqatçısı Lətif Kərimovun yaradıcılıq irsi olub. Dizaynerlər öz kolleksiyalarında ənənəvi xalça motivlərinin, ornamentlərin və rəng həllərinin müasir interpretasiyasını təqdim ediblər. Layihə Azərbaycan xalçaçılığının təbliği, milli mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsinə yönəlib.
Modelyer-rəssam layihə çərçivəsində təqdim olunan kolleksiyaları yüksək qiymətləndirərək etnomodanın inkişafının əhəmiyyətini vurğulayıb:
"Bu gün etnomoda dünya moda sənayesində xüsusi bir istiqamətdir və böyük hörmət qazanıb, çünki etnik üslubda geyim yaratmaq heç də asan deyil. Hər dizayner bu sahədə işləyə bilmir. Biz isə Azərbaycanda doğulmuşuq, burada yaşayırıq və uşaqlıqdan bu zəngin mədəniyyəti mənimsəmişik. Buna görə də mən, bir dizayner və moda sahəsində ekspert kimi, bütün kolleksiyaları izlədikdən sonra çox böyük sevinc və qürur hissi keçirdim ki, belə istedadlı dizaynerlərimiz var. Hamımız birlikdə, çiyin-çiyinə bu gözəl layihəni həyata keçirdik. Buna görə də hamımız adından muzeyin direktoru Amina Məlikovaya bu gözəl ideyaya görə və layihənin uğurla həyata keçirilməsində əməyi olan hər kəsə səmimi təşəkkürümü bildirirəm", - deyə Fəxriyyə Xələfova əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)