Saç baxımı zamanı edilən bəzi səhvlər zamanla saçların zəifləməsinə, qırılmasına və sağlam görünüşünü itirməsinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, "The Huffington Post" nəşrinə danışan bərbərlər və saç baxımı üzrə mütəxəssislər insanların gündəlik olaraq yol verdiyi ən geniş yayılmış səhvləri açıqlayıblar.
Mütəxəssislərin sözlərinə görə, saç kremi əsasən saç uclarına çəkilməli, saç dərisinə tətbiq edilməməlidir. Həmçinin şampundan sonra saç kreminin istifadəsi saçın nəmini qorumaq üçün vacib hesab olunur.
Onlar bildiriblər ki, yalnız sulfatsız şampunlardan istifadə etmək düzgün yanaşma deyil. Sulfat tərkibli şampunlar müəyyən aralıqlarla istifadə edildikdə saç dərisinin və saç tellərinin dərindən təmizlənməsinə kömək edir.
Bərbərlər saç feni, düzləşdirici və ya buruq maşasından istifadə etməzdən əvvəl istilikdən qoruyucu vasitələrin tətbiq edilməsini, eləcə də bu cihazların ən yüksək temperatur rejimində işlədilməməsini tövsiyə ediblər.
Bundan başqa, saç qurudularkən əvvəlcə saç diblərinin, sonra isə ucların qurudulmasının daha faydalı olduğu bildirilib. Keyfiyyətsiz saç baxım cihazlarının çox qızaraq saçlara zərər verə biləcəyi də vurğulanıb.
Mütəxəssislər həmçinin saçların həddindən artıq dartıldığı saç düzümlərindən uzaq durmağı, mütəmadi olaraq qırıq ucları kəsdirməyi və saçların nəmləndirici baxımını laqeyd qoymamağı məsləhət görüblər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)