Dəniz suyunu günəş işığı ilə içməli suya çevirdilər

2 İyul 2026 00:25

ABŞ-nin Massaçusets Texnologiya İnstitutu (MIT) və Stenford Universitetinin tədqiqatçıları elektrik enerjisindən istifadə etmədən çalışan yeni bir su istehsalı sistemi hazırlayıblar. Günəş enerjisindən faydalanan bu cihaz havanın rütubəti və duzlu sudan istifadə edərək təhlükəsiz içməli su əldə etməyi hədəfləyir.

Milli.Az xəbər verir ki, tədqiqatçıların bildirdiyinə görə, sistemin təməlində uzunömürlü xüsusi bir hidrogel material dayanır. Bu material gecə boyunca suyu özünə çəkir, gündüz isə günəşin yaratdığı istiliklə su buxarını sərbəst buraxır. Alınan buxar kondensasiya edilərək təmiz içməli suya çevrilir. Texnologiyanın ən vacib üstünlüyü xarici elektrik mənbəyinə ehtiyac duymadan işləyə bilməsidir.

Tədqiqatçılar əvvəllər hazırladıqları hidrojel sistemlərində davamlılıq problemi yaşandığını qeyd edirlər: təxminən 30 dövrdən sonra material sıradan çıxır, həm səmərəliliyini itirir, həm də suyun keyfiyyətini təhlükəyə atırdı. Yeni işdə isə hidrojelin təmas etdiyi metal səthə korroziyaya qarşı xüsusi bir örtük tətbiq edildi. Bununla da materialın ömrü əhəmiyyətli dərəcədə uzadıldı. Laboratoriya sınaqlarında sistem 190-dan çox su toplama dövrü boyunca strukturunu qoruyub, yüksək temperaturlarda aparılan uzunmüddətli sınaqlarda isə səkkiz aydan çox dayanıqlılığını saxlayıb.

Tədqiqat qrupu texnologiyanın, xüsusilə təmiz su mənbələrinin məhdud olduğu quraq bölgələrdə istifadə olunmasını hədəfləyir. Sistemin günəş enerjisi ilə çalışması və hərəkətli hissələri olmaması sayəsində ona texniki qulluq ehtiyacının da aşağı olacağı gözlənilir.

Elm adamları hazırda cihazın daha böyük ölçülü versiyaları üzərində işləyirlər. Məqsəd, tək bir panellə bir ailənin gündəlik içməli su ehtiyacını qarşılaya biləcək tutuma çatmaq və texnologiyanı ticari istifadəyə uyğun hala gətirməkdir. Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)