"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək" layihəsi çərçivəsində tədbir keçirib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri, ictimai fəallar, blogerlər, media nümayəndələri iştirak ediblər.
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, layihənin rəhbəri Elçin Ağacanov çıxışında bildirib ki, mediada əsas problemlərdən biri informasiyanın çoxşaxəli xarakter almasıdır. Onun sözlərinə görə, buraya hibrid informasiya, dezinformasiya, misinformasiya və saxta xəbərlər daxildir:
"Dezinformasiya qəsdən yayılan yalan məlumat, misinformasiya isə insanları yanlış yönləndirən məlumat kimi qiymətləndirilir. Saxta xəbərlər isə faktların yalnız müəyyən hissəsinin təqdim olunması ilə reallığın təhrif edilməsinə xidmət edir. Sosial şəbəkələrdə dezinformasiyanın yayılması ciddi problemdir və xarici media resurslarının bu prosesdə rolu böyükdür. Qeyd olunub ki, Azərbaycanın siyasəti və ölkə rəhbərliyinin geosiyasi kursu bəzi dairələrin narazılığına səbəb olur, nəticədə ölkəni hədəfə çevirmək məqsədilə informasiya kampaniyaları aparılır".
Elçin Ağacanov vurğulayıb ki, bu şəraitdə əsas məsələ ayıq-sayıq olmaq, təqdim edilən məlumatları düzgün qiymətləndirmək və real vəziyyətlə süni şəkildə formalaşdırılan informasiya arasında fərqi düzgün müəyyənləşdirməkdir. O, həmçinin qeyd edib ki, hibrid təhlükə anlayışı yalnız yalan xəbərləri deyil, müxtəlif informasiya manipulyasiyası üsullarını da əhatə edir.
Trend BİA-nın direktor müavini, layihənin təlimçi-eksperti Sahil Kərimli isə çıxışında gələcək jurnalistlərə və media sahəsində fəaliyyət göstərəcək tələbələrə əsas tövsiyənin peşə fəaliyyətində dəqiqlik, obyektivlik və etibarlı mənbələrə üstünlük vermək olduğunu bildirib. O qeyd edib ki, məlumatlar yayımlanmamışdan əvvəl onların doğruluğu mütləq yoxlanılmalı, rəsmi mənbələrin mövqeyi öyrənilməlidir:
"Dövlət qurumlarının əksəriyyətinin mətbuat xidmətləri media üçün açıqdır və operativ məlumat təqdim edir. Bununla yanaşı, dezinformasiya və saxta xəbərlərin əhəmiyyətli hissəsi xarici mənbələrdən qaynaqlanır və bu məlumatlar isə bəzən Azərbaycanla bağlı qərəzli yanaşma formalaşdırmağa və regionda gərginlik yaratmağa xidmət edir. Azərbaycana qarşı qərəzli informasiya kampaniyaları indiyədək nəticə vermədiyi kimi, bundan sonra da məqsədinə çatmayacaq. Azərbaycan cəmiyyəti saxta xəbərlərə və dezinformasiyaya qarşı müəyyən immunitet formalaşdırıb, insanlar yayılan məlumatların məqsədini və arxasında dayanan niyyətləri düzgün qiymətləndirməyi bacarırlar".
Çıxışçılar informasiya təhlükəsizliyinin təmin olunmasında media savadlılığının və peşəkar jurnalistikanın rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, dezinformasiya və saxta xəbərlərlə mübarizədə etibarlı mənbələrə istinad, faktların operativ yoxlanılması və tənqidi düşüncə əsas prinsiplərdən biridir. Qeyd olunub ki, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi cəmiyyətin informasiya manipulyasiyalarına qarşı dayanıqlığının artırılmasına xidmət edir. Çıxışlarda gənclərin və gələcək jurnalistlərin informasiya mühitində məsuliyyətli yanaşma nümayiş etdirməsinin vacibliyi də diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)