"Qarabağ" eyni gündə 2 matça çıxacaq

1 İyul 2026 10:38

Avstriyada yeni mövsümə hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün təlim-məşq toplanışı çərçivəsində daha iki yoxlama görüşü keçirəcək.

Milli.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda günün ilk sınağında Ukrayna təmsilçisi "Xarkov"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi ikinci yoxlama matçında isə Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

"Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda "Tirol" üzərində 4:0 hesablı inamlı qələbə qazanmışdı. Komanda bundan əvvəl Bakıda keçirdiyi sınaq matçında isə "Zirə"ni 4:3 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, bu görüşlər "Qarabağ"ın yeni mövsüm öncəsi hazırlıq proqramının mühüm hissəsini təşkil edir və məşqçilər korpusu futbolçuların hazırkı durumunu qiymətləndirmək imkanı əldə edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)