Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi dedikdə adətən idman, düzgün qidalanma və mütəmadi tibbi müayinələr nəzərdə tutulur.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, lakin son araşdırmalar səyahətin də sağlamlığı qoruyan mühüm amillərdən biri olduğunu göstərir.
Səyahət stressi azaldır
Tədqiqat müəllifləri qeyd edirlər ki, səyahət orqanizmin daxili tarazlığını qorumağa, stressə davamlılığı artırmağa və bərpa proseslərini gücləndirməyə kömək edir.
Profilaktik tibb və uzunömürlülük üzrə mütəxəssis Timoti Dürlerin sözlərinə görə, səyahətlər sağlam qocalmaya müsbət təsir edən bir neçə vacib amili eyni vaxtda birləşdirir:
Fiziki aktivlik, eni təəssüratlar, sosial ünsiyyət, müsbət emosiyalar, istirahət, təbiətdə vaxt keçirmək, beynin fəal işləməsi.
Alimlər vurğulayırlar ki, məhz bu amillərin birgə təsiri səyahəti orqanizm üçün faydalı edir. Bununla yanaşı, onlar xəbərdarlıq edirlər ki, yaxşı təşkil olunmayan, yorucu və stressli səfərlər əks təsir göstərə bilər.
Yeni mühit orqanizmi fəallaşdırır
Araşdırmanın maraqlı nəticələrindən biri də yeni mühitin orqanizmə təsiri ilə bağlıdır. İnsan tanımadığı məkana düşdükdə bədəni ətraf mühitə daha fəal reaksiya verməyə başlayır. Bu isə maddələr mübadiləsini sürətləndirə və orqanizmin özünü bərpa mexanizmlərini aktivləşdirə bilər.
Tədqiqatın müəllifi Fanqli Hu bildirib ki, yeni şərait orqanizmin müdafiə sistemini gücləndirir və toxumaların bərpasına kömək edən hormonların ifrazını artırır. Bununla belə, alimlər qeyd edirlər ki, səyahət qocalmanı dayandırmır. Sadəcə olaraq, orqanizmin sağlam qalması üçün daha əlverişli şərait yaradır.
Hərəkət sağlamlığa müsbət təsir göstərir
Səyahət zamanı insanlar fərqinə varmadan gündəlik həyatdan daha çox hərəkət edirlər. Şəhərlərdə gəzinti, pilləkənlə qalxmaq, dağ yürüşləri, üzgüçülük, baqaj daşımaq və yeni məkanları kəşf etmək fiziki aktivliyi artırır.
Mütəxəssislərin sözlərinə görə, bu cür aktivlik xüsusilə yaşlı insanlar üçün faydalıdır və ürək-damar sağlamlığını qoruyur, əzələ kütləsinin azalmasının qarşısını alır, hərəkət qabiliyyətini yaxşılaşdırır, koordinasiyanı gücləndirir, qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir və maddələr mübadiləsini yaxşılaşdırır.
Təmiz hava və keyfiyyətli yuxu
Səyahət zamanı insanlar adətən daha çox açıq havada olurlar. Gün işığı bioloji saatın normal işləməsinə kömək edir və yuxunun keyfiyyətini artırır. Keyfiyyətli yuxu isə sağlam qocalmanın əsas şərtlərindən biri hesab olunur.
Bundan başqa, müsbət emosiyalar stress hormonu olan kortizolun səviyyəsini azaldır. Bu da ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, depressiya və tənhalıq hissini zəiflədir.
Alimlər xüsusilə təbiətdə keçirilən vaxtın xroniki stressin yaratdığı iltihab, yüksək qan təzyiqi və maddələr mübadiləsi problemlərinin azalmasına kömək etdiyini bildirirlər.
Emosional yenilənmə yaradır
Psixoloqların fikrincə, səyahətin emosional faydaları da az deyil. Mühitin dəyişməsi insanı gündəlik problemlərdən uzaqlaşdırır, həyata fərqli baxmağa imkan verir və əhval-ruhiyyəni yaxşılaşdırır. Hətta gələcək səyahəti gözləmək belə insanda müsbət emosiyalar yaradır.
Səfərdən qayıtdıqdan sonra xoş xatirələr uzun müddət insanın əhvalını yüksək saxlayır. Ekspertlər bildirirlər ki, qonşu şəhərə qısa səfər də, uzaq ölkəyə uzun səyahət də eyni dərəcədə faydalı ola bilər.
Münasibətləri möhkəmləndirir
Səyahətlər ailə üzvləri, dostlar və yaxınlarla münasibətləri daha da gücləndirir. Birgə yaşanan xatirələr insanlar arasında emosional bağlılığı artırır. Mütəxəssislər qeyd edirlər ki, sosial təcrid və tənhalıq yaşlı insanlarda sağlamlıq üçün ən ciddi risk amillərindən biridir.
Beyni daha fəal işləməyə məcbur edir
Səyahət beyni hələ yola çıxmamışdan əvvəl işlətməyə başlayır. Bilet almaq, marşrut hazırlamaq, otel bron etmək və büdcə planlaşdırmaq müxtəlif zehni bacarıqları işə salır. Səfər zamanı isə insan daim yeni məkanlarda istiqamət tapır, qərarlar qəbul edir, müxtəlif problemləri həll edir, xəritə və göstəricilərdən istifadə edir, yeni mədəniyyət və tarixlə tanış olur, fərqli qaydalara uyğunlaşır, dil və ünsiyyət bacarıqlarından istifadə edir.
Bütün bunlar yaddaşı, məkan təfəkkürünü və qərarvermə qabiliyyətini inkişaf etdirir. Alimlər hesab edirlər ki, aktiv səyahət etmək demensiya riskinin azalmasına da kömək edə bilər.
Səyahət uzunömürlülüyün sirri deyil, amma...
Mütəxəssislər vurğulayırlar ki, səyahət qocalmanın qarşısını alan möcüzəvi vasitə deyil. Lakin onun tərkibində elm tərəfindən sağlamlıq üçün faydalı hesab olunan çoxsaylı amillər bir araya gəlir.
Araşdırma müəlliflərinin fikrincə, səyahətin ən böyük üstünlüyü insanın ömrünü mütləq uzatması deyil, həmin ömrü daha sağlam, maraqlı, dolğun və mənalı yaşamasına kömək etməsidir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)