Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA

30 İyun 2026 18:30

Bir sıra sosial şəbəkə platformalarında Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz olaraq sökülməsi iddiaları yayılıb.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan sakin Tatyana Aqafonovanın yaşadığı evin istismar müddəti başa çatıb.

"Müvafiq komissiya tərəfindən aparılan qiymətləndirmə və köçürülmə prosesi çərçivəsində sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib. Eyni zamanda, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində qanunsuz tikilmiş, binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı binanın vəziyyətini daha da ağırlaşdıran əlavə tikili mövcuddur və hal-hazırda evin deyil, sözügedən qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü işləri aparılır.

Qeyd edək ki, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntü işləri aparılır. Sakinlərə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülmə prosesi həyata keçirilir.

Proses tam yekunlaşdıqdan sonra ərazinin abadlaşdırılması, mövcud tarixi binaların təmiri və bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə əlavə edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)