Braziliyada yaşayan və ümumi yaşları 316 olan üç bacı uzunömürlülükləri ilə elm adamlarının diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, 109, 104 və 103 yaşlı bacılar dünyanın ən yaşlı üç bacısı kimi Ginnesin Rekordlar Kitabına daxil ediliblər. Hazırda onların sağlam və uzun ömür sürməsinin səbəbləri alimlər tərəfindən ətraflı araşdırılır.
Braziliyanın San-Paulu Universitetində həyata keçirilən "DNT Longevo" layihəsi çərçivəsində tədqiqatçılar bacıların genetik xüsusiyyətlərini öyrənərək insanın sağlam qocalmasına təsir edən amilləri müəyyən etməyə çalışırlar.
Layihənin rəhbəri Mayana Zats bildirib ki, araşdırmanın əsas məqsədi insan orqanizmini yaşlanmanın mənfi təsirlərindən qoruyan genləri aşkar etməkdir. Onun sözlərinə görə, eyni ailədə bir neçə yüzyaşlının olması bu istiqamətdə aparılan tədqiqatlar üçün mühüm imkan yaradır.
Mütəxəssislər 90 və 100 yaşdan yuxarı sağlam insanların DNT nümunələrini müxtəlif xroniki xəstəliklərdən və idrak zəifləməsindən əziyyət çəkən həmyaşıdları ilə müqayisə edirlər. Alimlər hesab edirlər ki, uzunömürlülükdə genetik faktorların rolu ətraf mühit amillərindən daha böyük ola bilər.
Rio-de-Janeyroda yaşayan bacılar - Levita de Deus Nunes (109), Zoraide de Deus Mota (104) və Zulina de Deus Nunes (103) isə uzun ömürlərinin sirrini sağlam qidalanma, aktiv həyat tərzi və nikbin düşüncə ilə əlaqələndirirlər.
109 yaşlı Levita de Deus Nunes həyatından məmnun olduğunu bildirərək, uşaqlıq və gənclik illərinin gözəl keçdiyini, geriyə baxanda peşman olduğu heç bir məqamın olmadığını söyləyib.
Uzunömürlülük üzrə fəaliyyət göstərən beynəlxalq LongeviQuest təşkilatının mütəxəssisləri də bacıların bu yaşa çatmasında yalnız genetik irsin deyil, eyni zamanda möhkəm ailə bağları və sosial dəstəyin də mühüm rol oynadığını vurğulayıblar.
Tədqiqatçılar layihə çərçivəsində 500-dən çox yüzyaşlının genetik məlumatlarını toplayaraq sağlam qocalmanın bioloji mexanizmlərini daha dərindən öyrənməyi qarşılarına məqsəd qoyublar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)