Azərbaycanda gömrük rüsumlarından azad edilən istehsal fəaliyyətlərinin siyahısı genişləndiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumlarından azad ediləcək.
Bildirilib ki, qanun layihəsi Ələt Azad İqtisadi Zonası ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin qorunması məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsi Azad zona ərazisində istehsal olunmuş seçilmiş malların əsas iqtisadiyyata gətirilməsi zamanı aşağıdakı şərtlər əsasında gömrük rüsumundan azad edilməsini nəzərdə tutur:
güzəşt tətbiq ediləcək malların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək;
güzəşt Ələt Azad İqtisadi Zonası ərazisində Azad zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli mallara şamil ediləcək;
güzəşt malı istehsal edən və ya emal edən Azad zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində tətbiq ediləcək;
güzəşt istehsal olunan məhsulun həcminin ən azı 50 faizinin Azərbaycan ərazisindən kənara ixrac edilməsi şərti ilə veriləcək.
Yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla Azad zona ərazisində istehsal olunacaq müvafiq malların əsas iqtisadiyyata gətirilməsi qaydaları və bununla bağlı digər məsələlər müvafiq qaydada təsdiq ediləcək qaydalarla tənzimlənəcək.
Qanun layihəsi Azad zona ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılmasına, həmçinin həmin ərazidə istehsal olunan malların Azərbaycanın daxili bazarında ölkəmizin sərbəst ticarət sazişi bağladığı ölkələrdən idxal olunan analoji mallarla rəqabət qabiliyyətinin qorunması imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.ğ
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)