Sosial şəbəkələrdə daha bir kiberdələduzluq hadisəsi ilə bağlı xəbərdarlıq edilib.
Milli.Az xəbər verir ki, iddialara görə, naməlum şəxslər saxta bank keçidi vasitəsilə vətəndaşın "WhatsApp" hesabını ələ keçirərək onun adından yaxınlarına pul göndərilməsi üçün mesajlar yazıblar.
Hadisəni danışan şəxsin sözlərinə görə, zərərçəkənə bank adından link göndərilib. O, linkə daxil olduqdan sonra əvvəlcə heç bir problem hiss etməyib. Lakin bir müddət sonra "WhatsApp" hesabına girişin mümkün olmadığını görüb. Hesabı bərpa etməyə çalışarkən isə təsdiq kodu tələb olunub.
Bundan sonra dələduzlar ələ keçirdikləri hesab vasitəsilə zərərçəkənin yaxınlarına gecə saatlarında "Təcili pul lazımdır, göndərə bilərsiniz?" məzmunlu mesajlar göndəriblər. Mesajların əsl hesab sahibindən gəldiyini düşünən bəzi şəxslər pul köçürüblər.
Hadisə yalnız yaxınlarından birinin yazışma üslubundan şübhələnməsi ilə üzə çıxıb. Həmin şəxs hesab sahibinə zəng etməyə çalışsa da, zəng cavabsız qalıb. Bundan sonra dələduz olduğunu anlayaraq yazışmada bunu bildirib. İddiaya görə, qarşı tərəf söyüş yazaraq, "WhatsApp" hesabında saxlanılan pasport şəklindən istifadə edə biləcəyini bildirərək hədə-qorxu gəlib.
Paylaşımın şərh bölməsində isə çox sayda istifadəçi oxşar üsulla aldadıldıqlarını və "WhatsApp" hesablarının ələ keçirildiyini yazıb. Bəzi şəxslər onların adından da yaxınlarına pul istənildiyini bildirərək digər istifadəçiləri diqqətli olmağa çağırıblar.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)