Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyən ediləcək.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində nəzərdə tutulan məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edilməməsi, təqdim etmə müddətinin pozulması, yaxud natamam və ya təhrif olunmuş məlumatların verilməsinə görə vəzifəli şəxslər 6000-7000 manat, hüquqi şəxslər isə 15 000-20 000 manat məbləğində cərimələnəcək.
Müvafiq icra hakimiyyəti orqanının göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmaması, yaxud natamam və ya yanlış məlumat təqdim olunmasına görə vəzifəli şəxslər 7000-8000 manat, hüquqi şəxslər 25 000-30 000 manat cərimə ediləcək.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə qaydalarının pozulmasına, o cümlədən:
fərdi rəqəmsal hesabın yaradılması zamanı qanunla müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsi və ya düzgün tətbiq olunmaması;
16-18 yaş arası istifadəçilər üçün nəzərdə tutulmuş texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsi;
bu yaş qrupuna aid istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə zərər verə biləcək məzmunun qarşısının alınmaması və ya 24 saat ərzində aradan qaldırılmaması;
fərdi məlumatların qanunsuz saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam və kommersiya məqsədləri üçün istifadəsi;
yetkinlik yaşına çatmayanların paylaşdığı məlumatların silinməsinin təmin edilməməsi;
görə vəzifəli şəxslər 8000-9000 manat, hüquqi şəxslər 35 000-40 000 manat məbləğində cərimə ediləcək.
Eyni xətaların inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 9000-10 000 manat, hüquqi şəxslər 45 000-50 000 manat cərimə olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)