Birinci vitse-prezident Mehriban Əliyeva: Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir

29 İyun 2026 19:28

Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.

"Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur", - o deyib və əlavə edib ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, həm də yeni təhlükələr yaradır.

Birinci vitse-prezidentin sözlərinə görə, Azərbaycan yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıdır:

"Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır".