Venesuelada qeydə alınan iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı artaraq 1 450 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi məlumat yayıb.
Hazırda on minlərlə insanın itkin düşdüyü bildirilir.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges sağ qalanların axtarış-xilasetmə işlərinin bundan sonra da davam etdiriləcəyini bəyan edib.
Hökumətin məlumatına əsasən, xüsusi təlim keçmiş axtarış itləri və ağır texnika ilə təchiz olunmuş, dünyanın müxtəlif ölkələrindən gəlmiş 2 600-dən çox xilasedici ölkəyə cəlb olunub.
Xatırladaq ki, Venesuelada güclü zəlzələlər iyunun 24-də axşam saatlarında baş verib. Təqribən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Əsas təkanlardan sonra 214 afterşok müşahidə edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)