Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin rəsmi açılış mərasimi başa çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, rəsmi açılış mərasimində Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakçılara ünvanladıqları müraciətlər səsləndirilib.
Dövlət başçıları çıxışlarında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq dil, tarix və mədəni kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Onlar qurultayın irsinin bu gün də aktuallığını qoruduğunu, türk dövlətləri arasında əməkdaşlıq, birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.
Liderlər, həmçinin Azərbaycanın Türk dünyasının inteqrasiyası və əməkdaşlığının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, Bakıda keçirilən yubiley tədbirinin rəmzi əhəmiyyət daşıdığını qeyd ediblər. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev da çıxış edərək türk dünyasının tarixindən, türklərin tarixdəki izindən və bugünkü tədbirin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov isə çıxışında qeyd edib ki, türkologiyanın tarixini bilənlər bu yol uğrunda hansı qurbanların verildiyini yaxşı anlayırlar: "Bizim ailəmiz türk dövlətləridir. Türk dünyasının burada bir araya gəlməsindən böyük xoşbəxtlik ola bilməz. Dildə, fikirdə və əməldə türk insanı daim bir olmalıdır".
Rəsmi açılış mərasimindən sonra konqres bədii proqrama keçid alıb.
Bədii hissədən sonra isə gün ərzində plenar iclaslar, panel müzakirələri ilə davam edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)