İxtisas imtahanından keçməyənlərə yenidən şans veriləcək

28 İyun 2026 15:48

Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahan Mərkəzin Elektron İmtahanlar Korpusunda kompüter vasitəsilə 1 saat ərzində təşkil olunub. Namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanı başa vuran və ya ayrılmış vaxt tamamlanan kimi iştirakçılar nəticələri ilə tanış ola biliblər. Nəticələr eyni zamanda DİM-in rəsmi saytında da yerləşdiriləcək.

İmtahanda ümumilikdə 256 namizəd iştirak edib. Yekun nəticələrə əsasən, müxtəlif istiqamətlər üzrə 119 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahandan müvəffəqiyyətlə keçən şəxslərə iştirak etdikləri qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim olunacaq.

İxtisas imtahanından uğur qazana bilməyən namizədlər gələcəkdə keçiriləcək qiymətləndirmə fəaliyyəti üzrə imtahanlarda yenidən iştirak etmək hüququna malikdirlər.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 29-30 iyun və 1 iyul tarixlərində, saat 14:00-dan 17:00-dək, Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)