Müəllif: Məmməd Süleymanov
Proloq
Onların ömür yolu 1950-ci ildə kəsişir. Tanışlıqları qısa zamanda yaxınlığa çevrilir, sonra isə ömürlük davam edən dostluqla əvəzlənir. Söhbət Azərbaycanın gələcək prezidenti Heydər Əliyevlə gələcək Daxili İşlər naziri Arif Heydərovdan gedir.
28 iyun 1996-cı ildə general Arif Heydərovun anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli tədbirdəki nitqində prezident Heydər Əliyev bu barədə geniş danışır. "Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur. Tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim. Onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, əsas dayağlarımdan biri idi", - Heydər Əliyev deyir.
Heydər Əliyev 1969-cu ildə Respublikanın rəhbəri seçiləndə ilk işlərindən biri həmin vaxt Türkiyədə çalışan Arif Heydərovu Azərbaycana dəvət etmək olur. Və bu birgə fəaliyyət 8 il - Arif Heydərovun qətlinə qədər davam edir.
Həmin nitqində prezident yaxın dostunun ölümü ilə bağlı söyləyir: "Bu, bizim üçün böyük itki oldu, xalqımız, respublikamız üçün böyük itki oldu, şəxsən mənim üçün çox böyük itki oldu. Onun vəfatı günü bütün Azərbaycan matəmə batdı. Bu bizim hamımız üçün matəm oldu, bütün Azərbaycan üçün matəm oldu. Onu əziz dost, qardaş kimi, şəxsən mən öz çiynimdə son mənzilə yola saldım. Biz bu faciəni çox ağır hislərlə yaşadıq..."
Arif Heydərovun anadan olmasının 100 illiyi ilə əlaqədar biz də Azərbaycan tarixinin unikal şəxsiyyətlərindən birinin həyat yoluna işıq tutaq...

1. Ata və oğul
Anın əbədiyyəti. Nə vaxtsa Rolan Bart fotoqrafiyanı "yox olanların izi" adlandırıb. Ancaq bu iz həm də itib gedən hər bir anı əbədiyyət statusuna yüksəldir. Beləliklə, saniyə ölmür, yox olmur, həmişəlik qalır.
Bir daha heç nə heç vaxt bu fotodakı kimi olmayacaq. Ata ilə oğulun həmin anda nə düşündüklərini, şəklin hansı ovqatda, hansı şəraitdə çəkildiyini bilməyəcəyik. Yeganə bildiyimiz isə qaynar baxışlı gəncin və müdrik çöhrəli atanın simalarında yazılmış fəxarət hissidir. Onlar bir-biri ilə fəxr edirlər. Və buna bütün əsasları var. Hər ata öz oğlu, hər oğul öz atası ilə bu cür birgə foto arzulayar.
Oğulu - Arif Heydərovu irəlidə parlaq həyat yolu gözləyir. Atanın - Nəzər Heydərovun çiyinlərində isə keçmişin çətin, ancaq şərəfli yükü, qürurla yaşanmış tale var. O, köhnə bolşevik, peşəkar inqilabçıdır, öz ideallarını və nümunəsini oğluna ötürə bilib. Bu cəhətdən oğul atanın sadəcə genetik xələfi deyil, həm də tale, dəyər və xarakter ortağıdır. Fotonun çəkildiyi vaxt dünyada tarixin ən dağıdıcı müharibəsi davam edir. Və bu müharibədə ata da, oğul da ədalətin əsgərləridir.
Nəzər Heydərov dünyaya gözünü Zəngəzur qəzasının ucqar Gürcülər kəndində açır. İlk təhsilini Gorusda alır və artıq məktəb illərində pedaqoqlarının təsiri altında onda sosialist düşüncəsi formalaşır. Sonra Bakıya gəlir, Balaxanı neft mədənlərində çalışır və bolşevik partiyasına qoşulur. Zəngəzurda Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edir, həbs edilir, təqiblərə məruz qalır. 1920-ci illərdə Qubadlı və Ağdaş rayonlarının partiya təşkilatlarına rəhbərlik edir, Dağlıq Qarabağ Muxtar Vilayətinin icraiyyə komitəsi sədrinin müavini postunda çalışır.
Sonra neft sənayesinin rəhbərlərindən birinə çevrilir. Neft mədəninin direktoru, "Əzizbəyov Neft Tresti"nin "Aztexnefit təchizatı"nın sədri, "Azneft" birliyinin rəisi... 1945-46-cı illərdə polkovnik Nəzər Heydərov İranda - Cənubi Azərbaycanda fəaliyyət göstərir, Sovet qoşunları Qərargahında xüsusi dəstəyə rəhbərlik edir.
1949-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilir və 5 il bu vəzifəni icra edir. 2 dəfə SSRİ Ali Sovetinin, 2 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Çoxsaylı təltifləri arasında Lenin və Qırmızı əmək bayrağı ordenləri var.
Nəzər Heydərovu müasir leksikonda reliktə çevrilmiş və yalnız köhnə lüğətlərdə qalmış bir çox terminlərlə xarakterizə etmək olar: ideyasına sadiq, hərislikdən və meşşanlıqdan uzaq, gözütox, şöhrət düşkünü olmayan, ali insanın adi həyat tərzini yaşayan (Marksın yazdığı "Az şeyi olub çox şeyə dəyən") insan. Köhnə bolşeviklərin bu nəsli ən ekstremal şəraitdə təmənnasız mübarizə, "nağılı gerçəkləşdirmək", fədakarlıq üçün doğulmuşdu. Şair Nikolay Tixonov o insanların mətinliyini, iradəsini və mərdliyini "Mismarlar haqqında ballada" şeirində bu sözlərlə ifadə etmişdi: "Bu insanlardan mismar düzəltmək olardı. Və bütün dünyada daha möhkəm mismar tapılmazdı".
Nəzər Heydərov ömrünün son illərində gənclik bioqrafiyasını - "Zəngəzur dağlarında" kitabını yazır (kitab 1972-ci ildə - müəllifin vəfatından 4 il sonra işıq üzü görür). Əslində, bu kitab 1920-ci ilə qədərki Azərbaycan üçün timsah göz yaşları tökən, "Ah, necə bir ölkəni itirdik" deyən, tələm-tələsik soyadlarına "bəy" və "xan" hissəcikləri birləşdirən fərdlər üçün soyuq duşdur. Kitabların az oxunduğu, təbliğat xarakterli psevdo-annotasiyaların dəbdə olduğu indiki dövrdə kitabı az qala millətçilik haqda oda və bəy-kəndxuda dövrünün tərifi kimi qələmə verməyə çalışırlar. Və unudurlar - kommunistlər beynəlmiləlçi olublar, sinfi mübarizədə isə yalnız əzənlər və əzilənlər var. Əzənlərin və əzilənlərin isə milliyyəti olmur.
Kitabdan bir epizodu xatırlatmaqda məqsədim isə Nəzər Heydərovun şəxsi keyfiyyətlərini qabartmaq, hətta qədar, ancaq uduzmuş sinfi düşmənə qarşı qisas hissindən uzaq olduğunu göstərməkdir: 1919-cu ildə Zəngəzurda qəza rəisi Məhəmməd bəy Sərməstbəyov bolşevik Heydərovu camaatın gözü qarşısında amansız işgəncələrə məruz qoyur və şəxsən işgəncədə iştirak edir. Budur, 1924-cü ildə onlar yenidən qarşılaşırlar. Nəzar Heydərov partiyanın məsul təlimatçısı, Sərməstbəyov isə uduzmuş, keçmiş cəlladdır:
"Mən onun tənəsinə cavab olaraq dedim:
- Sizdən xahiş edirəm, vəziyyəti aydınlaşdırmaq üçün beş il bundan əvvəl aramızda baş vermiş əhvalatı danışın.
- Mən heç nə danışmayacağam. Yaxşısı budur, mauzeri çıxardın, məni güllələyin! Sizin buna haqqınız var!
-Bizdə məhkəməsiz cəzalandırma qadağandır, Sərməstbəyov. Mən sizinlə haqq-hesab çəkmək fikrində deyiləm. Madam ki siz danışmaq istəmirsiniz, onda mən beş il bundan əvvəl, 1919-cu ildə Zəngəzurda baş vermiş əhvalatı yoldaşlara danışaram.
Mən söhbətimi qurtardıqdan sonra bəydən soruşdum ki, əhvalatı doğru nəql elədimmi? O cavab verdi:
- Bəli! Dediklərinin hamısı doğrudur...
...Biz küçəyə çıxdıq. Mən kluba tərəf yollandım, orada məruzə etməli idim. Sərməstbəyov bir qədər mənimlə getdi, sonra vidalaşaraq ayrıldı, öz evinə tərəf burulub gecənin qaranlığında görünməz oldu..."
İşgəncə gördüyün sinfi düşməni bağışlamaq. Sonralar bu mərhəmət hissini dəfələrlə oğul Heydərovun bioqrafiyasında da görəcəyik.
Hələlik isə 1926-cı ildir. 30 yaşlı Nəzər Heydərov Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. İyunun 28-də onun oğlu - gələcək kəşfiyyatçı və nazir Arif Heydərov dünyaya gəlir...
2. İlk addımlar
Bu foto 1937-ci ildə çəkilib. 11 yaşlı Arifin uzağa - gələcəyə dikilmiş aydın baxışları, çöhrəsindəki yaşına uyğun gəlməyən ciddiliyi və sıxılmış dodaqların da gizlədə bilmədiyi, sonrakı illərdə də həmişə insanlarda doğmalıq yaradan təbəssümü diqqət çəkir. Ömürlərinin ilk illərindən o nəslin nümayəndələrinə təlqin olunurdu: həyat ciddi işdir, şou və məsuliyyətsiz əyləncə deyil. Və onu tam ciddiyyəti ilə, böyük arzularla yaşamalısan.
Onun yaşıdlarının qismətinə yeni həyat uğrunda mübarizə (bu söz birləşməsi indi pafos kimi səslənir, o vaxtlar isə tamamilə ciddi məna kəsb edirdi), faşizmə qalib gəlmək, ölkəni yenidən qurmaq kimi missiyalar yazılmışdı. Və o nəsil bu missiyaları şərəflə yerinə yetirdi.
Onun uşaqlıq və yeniyetməlik illəri Bakıda keçir. Həmin illərin elm, texnika, ədəbiyyat, mədəniyyət və əmək kultu onu hərtərəfli biliyə malik şəxsiyyət kimi formalaşdırır. Atasının nəhəng kitabxanası da bu işdə yardımçıdır.
Vaxtilə filosof Valter Benyamin kommunizmlə faşizmin fərqinin dəqiq xarakteristikasını vermişdi. Benyaminə görə, faşizm siyasəti estetikləşdirir. Yəni, öz siyasi kurs və məqsədlərinə mədəniyyət və incəsənəti təhrif etməklə, manipulyasiya alətinə çevirməklə bəraət qazandırmağa çalışır. Marksistlər isə əksinə, estetikanı siyasiləşdirirlər. Yəni, klassik dəyərləri, elmi, mənəviyyat və əxlaq qaydalarını, maarifçiliyi siyasətlərində populyarlaşdırmaqla təbliğ edirlər. Artıq yox olmuş Sovet sivilizasiyasında insanların əksəriyyətinin mənəvi zənginliyini və özü üçün yox, cəmiyyət üçün çalışmağının sirrini də burada axtarmaq lazımdır.
Hələlik isə O, 14 yaşında ikən atasının rəhbərlik etdiyi "Əzizbəyovneff'də fəhlə-çilingər kimi çalışır. Bir dəfə yol uzaq olduğu üçün atasından onu da xidməti maşınla aparmağı xahiş edir. Atası onun bu xahişinə "Hələ buna haqq etməmisən, yaxşı olar ki, elektrik qatarından istifaə edəsən" deyə reaksiya verir. Makarenkoya yaraşan pedaqoji etüd.
Eyni zamanda O, ədəbiyyat və musiqi ilə dərindən maraqlanır. Elm və texnika da Onun ömürlük maraq dairəsinə daxildir. Sonralar təsdiqləyirdi ki, təsadüfən çekist olub, fizik və ya tarixçi olmağı arzulayıb.
Dostlarının siyahısı da hərtərəfli maraqlarından xəbər verir. Sonralar yaxın dostlarının arasında Azərbaycan jurnalistikasının patriarxı Azad Şərifovun, yazıçı Cəmil Əlibəyovun, komsomol rəhbəri və biokimyaçı Maqsud Əlizadənin adlarına rast gəlirik (Maqsud Əlizadə 1968-ci ildə iş yerində qətl yetiriləndə yeni doğulan oğluna onun adını verir).
Bəlkə də 1941-ci ildə müharibə başlamasaydı, Arif Heydərov tamamilə fərqli sahəni seçəcəkdi. Ancaq 1943-cü ildə 17 yaşında SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığının (XDTK) Kəşfiyyat İdarəsində işə qəbul olunaraq təhlükəsizlik orqanlarında çalışmağa başlayır. 1944-cü ilin soyuq fevral günlərinin birində isə 12 azərbaycanlı gənc Moskvaya, XDTK-nin xüsusi təyinatlı məktəbinə təhsil almağa göndərilir. Müharibənin qızğın çağında ənənəvi marşrutla Moskvaya getmək mümkün deyildi, Stalinqrad yolu bağlıydı. Buna görə də Orta Asiyadan keçməklə yola düşürlər. Onları neft daşıyan köhnə gəmi ilə Krasnovodska yola salırlar. Aşqabadda onları o zaman Zakaspidə mühüm dövlət işində çalışan Nəzər Heydərov qarşılayır. Böyük çətinliklə yük vaqonunda onları yola salmaq mümkün olur. Gənclər on gün yarıac yol gedirlər, ölkənin yarısını keçib, Moskvaya yetişirlər. Moskvada qrupu iki yerə ayırırlar. Arif Heydərovla dostu Yuri Babayev Moskvada qalır, digərlərini Leninqrada göndərirlər.
Ancaq Arif Heydərovun müdavimlik dövrü çox çəkmir. 18 yaşlı gənc raport yazıb könüllü olaraq cəbhəyə yollanır.
Müharibə
1944-cü ilin 25 oktyabrında SSRİ Dövlət müdafiə komitəsi (DMK) növbəti hərbi çağırışı elan edir. Bu, müharibənin son çağırışı idi. Ona əsasən, Qafqaz və Orta Asiya respublikalarının, həmçinin Dağıstan, Kabardin, Şimali Osetiya, Adıgey və Çərkəz muxtar respublikalarının yerli xalqlarının nümayəndələri çağırışdan azad edilirdi. Buna səbəb həmin yerli xalqların genofondunu qorumaq, yeni itkilərin qarşısını almaqdı.
Buradan da aydın olur ki, Arif Heydərov cəbhəyə çağırılmır. Əvəzində isə o, dekabr ayında könüllü orduya yollanır. Gördüyünüz fotolar da onun cəbhə şəkilləridir.
O, valideynlərini narahat etməmək üçün məktublar yazıb Yura Babayevə verir ki, ayda bir məktuba təzə tarix qoyub Bakıya göndərsin. Əgər bir gün Nəzər Heydərov Moskvaya gəlməsəydi, ailə bundan xəbərsiz qalacaqdı. O, oğlunu yoluxmağa gedəndə məktəbdə "sizin oğlunuz çoxdan cəbhədə döyüşür" xəbərini eşidir. "Necə yəni çoxdan? Mən müntəzəm olaraq ondan məktub alıram, ötən həftə də almışam!" deyən ataya Yura sirri açıb danışır.
1-ci Ukrayna cəbhəsində - kəşfiyyat bölmələrinin tərkibində Polşa və Almaniyanın azad olunmasında iştirak edir. Berlinədək gedir və Reyxstaqın sütununa öz imzasını atır.
Müharibə başa çatdıqdan sonra 1946-cı ilin sentyabrına qədər Leypsiq şəhərində, 1947-ci ilə qədər isə Saksoniya vilayətində Sovet hərbi komandanlığının operativ şöbəsində xidmət edir. Bəzi təsdiqlənməmiş məlumatlara görə, 1945-ci il Vistula-Oder əməliyyatında iştirakı ilə əlaqədar Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunur, lakin nəticədə "Qırmızı bayraq" ordeni ilə təltif edilir.
Bakıya yalnız 1947-ci ilin sonunda dönür, yenidən məktəb partasının arxasına keçir, belə ki, onillik təhsili bitirməyə imkanı olmamışdı - yalnız 8 sinif bitirmişdi. 1949-cu ildə orta təhsilini başa vurur, 1951-ci ild isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur.
Kəşfiyyatçı
Arif Heydərovun ömrünün 27 ili kəşfiyyat orqanları ilə bağlıdır. O, 1949-70-ci illərdə DTK-nın kəşfiyyat şöbəsində çalışır və bu dövr ərzində müəyyən əməliyyat tapşırıqları ilə əlaqədar dəfələrlə xarici dövlətlərə yollanır. 1967-ci ildə isə Türkiyəyə təyinat alır - SSRİ-nin bu ölkədə konsulu olur. Əslində bu, diplomatik örtük idi - onun əsas vəzifəsi Türkiyədəki xarici əks-kəşfiyyat sahəsinə nəzarət edən rezidenturanın rəis müavini vəzifəsiydi.
Türkiyədə fəaliyyət 3 il davam edir. NATO üzvü olan Türkiyədə həmin illər siyasi qarşıdurmanın dərinləşməsi, istər leqal, istərsə də qeyri-leqal Sol təşkilatların güclənməsi, fəhlə hərəkatının təşkilatlanması və Sol-sağ qarşıdurmasının ifrat həddə çatması ilə xarakterizə olunurdu. Məhz həmin vaxt dünyada baş verən etirazların fonunda Türkiyədə də "68-ci il nəsli" önə çıxmağa başlayır və antiimperialist çıxışlar geniş vüsət alır. Bir sözlə, Arif Heydərovun bu ölkəyə ezam olunması orada sinfi mübarizənin kəskinləşdiyi vaxta təsadüf edir.
Onun konsul kimi fəaliyyətini yaxın dostu, həmin vaxt "İzvestiya" qəzetinin Türkiyədə xüsusi müxbiri olan jurnalist Azad Şərifov bu cür xatırlayırdı:
"O, mürəkkəb səfarətxana mühitində tezliklə cəncəlli məsələləri belə təmkinlə həll etməsi ilə, işə tələbkarlığı, həmçinin yüksək mədəniyyəti və mehribançılığı ilə kollektivin rəğbətini qazandı. Arifə, bəzi diplomatiya işçilərinə məxsus təşəxxüs və yekəxanalıq yad idi, özündən aşağı vəzifədə olanlara yuxarıdan həqarətlə baxmaq onun təbiətinə yabançı idi. Mən tezliklə müşahidə etdim ki, Arif Türkiyənin yüksək rütbəli polis məmurları və təhlükəsizlik xidməti işçiləri ilə necə ləyaqətlə davranır, tez dil tapır, onlar konsula çox hörmət bəsləyirdilər... Hətta səfir Andrey Andreyeviç Smirnov kimi təcrübəli, nüfuzlu adam da belə anlarda Arif Heydərova bel bağlayırdı. Səfirdən tərifli söz eşitmək müşkül iş idi, münaqişəli məqamlarda bir qədər fikrə dalandan sonra deyərdi: görürəm ki, bu işi konsulsuz aşırmaq olmayacaqdır. Bunu Arif Heydərova həvalə etmək lazımdır, o sakitcə yoluna qoyub, həll edəcək. Belə də olurdu. Halbuki bu məsələ yoluna qoyulmasaydı, şişirdilib cəncəl törədə bilərdi..."
Arif Heydərovun həyat yoldaşı Ədilə xanım belə bir epizodu nəql edirdi: "Türkiyədə işləyəndə, aprelin 28-də səfirliyin üstündə Azərbaycan SSR-in bayrağı qaldırılmışdı. Türkiyənin Xarici İşlər Nazirliyi bundan xəbər tutub, dərhal öz etirazını bildirmişdi. Axı onların belə bir bayramı yox idi, səfir Andrey Andreyeviç Smirnov bundan xəbər tutan kimi Arifi çağırıb demişdi: "Bu nədir, eləmisən?" Arif tez evə gəldi, bir neçə rus arağı götürüb, nazirliyə getdi, çox çəkmədi ki, qayıtdı, kefi kök idi. Səfirə zəng çaldı: "Hər şey qaydasına salındı, narahat olmayın". Hadisə bununla da bitmədi. Bundan sonra hər il aprelin 28-də Ankaradakı Sovet səfirliyinin binası üstündə Azərbaycanın da bayrağı dalğalanırdı..."
Başqa bir epizod - "İzvestiya" qəzetinin müxbiri Tələt Xasməmmədovun xatirələrindən: O və Arif Heydərov yol kənarındakı restoranlardan birində nahar edirlər, qonşu masada isə bir qrup türk sərxoş halda və emosional şəkildə siyasi problemlərdən danışır. Onlardan biri qızışaraq qəzəblə bildirir ki, əlinə kommunist düşsə, onu uf demədən öldürər. Bu söhbəti dinləyən Arif Heydərov nəhayət artıq dözə bilməyib üzünü mübahisə edənlərə tutaraq "Mən kommunistəm" deyir. Ortaya sükut çökür. Nəhayət, türk tərəddüdlə dinlənir: "Belə zarafat etmə." "Zarafat etmirəm", - Heydərov təsdiqləyir. Və yenə ortaya ölümcül sükut çökür - qorşu masadakıların pərtlik və çaşqınlığını təsəvvür etmək çətindir. Bu epizod öz əqidəsinə ən ekstremal şəraitdə belə sadiq qalan insanın cəsarətinin ifadəsidir.
Və daha bir epizod postsovet dövrünün ən demaqoq siyasətçilərindən olan Vladimir Jirinovski, daha doğrusu onun həbsdən azad edilməsi ilə bağlıdır. Bu barədə 1969-1973-cü illərdə Türkiyədə iqtisadi məsləhətçi kimi çalışmış Xanlar Səlimxanov xatırlayır. Həmin vaxt gənc Jirinovski Bandırmada yerləşən kükürd turşusu zavodunda Sovet mütəxəssislərinin rəhbəri Anatoli Skoriçenkonun yanında tərcüməçi kimi çalışırdı.
Səlimxanovun sözlərinə görə, 1969-cu ilin oktyabrında "Kommunizmi təbliğ etdiyinə" görə Jirinovski həbs edilir - o, bir türkə üzərində Leninin və oraq-çəkicin təsviri olan nişan bağışlayıbmış. Arif Heydərov Səlimxanovla birlikdə Jirinovskini xilas etmək üçün Bandırmaya gedir.
Səfixanov xatırlayırdı: "Arif türk dilində səlis danışdığı üçün türklər onu özlərindən sayırlar və həbs olunan Jirinovskini görmək üçün kameraya buraxırlar. Jirinovski azad olunması üçün yalvarır və göz yaşları tökür. Arif müstəntiqlərin suallarına necə cavab vermək barədə Jirinovskini təlimatlandırır. Jirinovski kommunist ideologiyasını təbliğ etdiyinə görə 15 il həbs cəzasına məhkum edilməli idi. Bu, Türkiyədə ciddi bir məsələ idi. İkinci dəfə Arif özü ilə Bandırmaya çoxlu rus arağı aparır, şəhər meri də daxil olmaqla hamını qonaq edir. Nəticədə həbs deportasiya ilə əvəzlənir. Jirinovski Türkiyədən getməzdən əvvəl Ədilə xanım onu bozbaşa qonaq da edir".
Arif Heydərovun Türkiyələ konsul kimi fəaliyyəti barədə çox şey bilsək də, onun kəşfiyyatçı kimi fəaliyyəti təbii ki hələ də açıqlanmadan qalır.
Və 1970-ci ildə talenin növbəti dönüşü baş verir - Arif Heydərov kəşfiyyatla vidalaşaraq Bakıya Daxili işlər naziri kimi qayıdır.
Nazir
1970-ci ilin martında Azərbaycan Kommunist partiyasının MK-nin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Arif Heydərov Azərbaycan SSR daxili işlər naziri vəzifəsinə təyin edilir. Onun bu təyinatı böyük entuziazmla qarşıladığını söyləmək çətindir. Əvvəla, DTK-dan DİN-ə keçidin özü fəaliyyətdə kəskin dönüş deməkdir. İkincisi, Heydərovun qarşısında diplomatik sahədə geniş üfüqlər açılmışdı, o cümlədən onun Asiya ölkələrindən birinə səfir göndəriləcəyi söylənilirdi. Və nahayət, həmin illərdə DTK sədri Yuri Andropovla Dİ naziri Nikolay Şelokov arasında 1980-ların əvvəlinə qədər davam edəcək qarşıdurma vardı. Yəni, bu qurumlarda digərinin şinelindən çıxanları sonadək özününkü saymırdılar. Ancaq Arif Heydərovun misalında bu stereotip də qırıldı.
Onu Azərbaycan DTK-sının sədri, sonralar isə SSRİ DTK-sının sədr müavini olmuş Semyon Tsviqunla hələ Bakı dövründən isti münasibətlər və sonadək davam edən ailəvi dostluq bağlayırdı. Tsviqunun həyat yoldaşı Roza Mixaylovnanın general Heydərovun qətlindən sonra gündəliyində etdiyi qeydlər də təsdiqləyir - Tsviqun ailəsində bu hadisəni şəxsi faciə kimi qəbul edirlər. Digər tərəfdən, nazir Şelokov da digər düşərgədən gəlmiş yeni kadra böyük hörmətlə yanaşırdı. Beləliklə, Arif Heydərova bir-birini sevməyən hər iki qurumda etimad qazanmağa nail olur.
Onun 8 illik nazirlik dövrü ilk növbədə humanizmi və adi insanların yanında dayanması ilə diqqət çəkir. Yenə də bəzi epizodlara diqqət edək.
Arif Heydərov nazir olduğu dövrdə anası Rəxşəndə xanım həyatını avtoqəzada itirir. Faciənin sırf təsadüfdən baş verdiyini və avtomobilin sürücüsünün dörd uşaq atası olduğunu öyrənən Heydərov onun həbsinin qarşısını alaraq azad edir.
Yaxud Kalaşnikov soyadlı 17 yaşlı yeniyetməni nahaqdan öz dostunun qətlində günahlandıraraq ondan zorla müvafiq ifadələr alırlar. Yeniyetmənin anası nazirin qəbuluna gələrək oğlunun günahsız olduğunu söyləyir. Nazirin göstərişi ilə iş dərhal araşdırılır, yeniyetmənin günahsızlığı sübut olunur, səbəbkarlar cəzalandırılır. Üstəlik nazir hüquqçu olmağı arzulayan Kalaşnikova qiyabi ali təhsil almaqda yardımçı olur.
Ədilə xanımın xatirələrindən: "Mən belə söhbətləri çox eşitmişəm ki, bu və ya digər işçinin qəbahətinə görə işdən çıxarılmaq haqqında sənədləri ona təqdim edəndə birinci sualı bu idi: "Neçə uşağı var?" Rus qadını Olqa Aleksandrovna Poqoryanskaya ilə olan əhvalat da maraqlıdır. O, həbs olunur, üç il sonra buraxılır, övladları onu qəbul etmirlər. Halbuki cinayəti uşaqlarına görə etmişdi. O, Arif Nəzər oğlunun yanına gəlir. Ağsaçlı qadın içəri girəndə nazirin ayaqları altına yıxılır. Arif onu qaldırır, su verirlər və deyir: "Deyirsən, oğlum yoxdur, bəs mən kiməm, mən də sənin oğlun. İndi sakitləş, bütün qəziyyəni mənə müfəssəl danış." Olqa Aleksandrovna danışır ki, onun yaşamağa yeri yoxdur, işləmir. Arif iyirmi dəqiqə ərzində onun mənzilə yazılmaq xahişini yerinə yetirir və elə orada - yataqxanada ona iş verir. O qadın ona böyük təşəkkür məktubu yazmışdı və hər bayramda təbrik məktubu göndərərdi..."
1976-cı ildə ona daxili xidmət general-leytenantı ali rütbəsi verilir. SSRİ-nin "Qırmızı bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunur.
Və sonra məşum 29 iyun gəlir...
Gözlənilməyən qətl
Bu foto 1978-ci ilin 1 iyulunda çəkilib. Azərbaycan general Arif Heydərovla vidalaşır. Dzerjinski adına klubdan başlayan vida mərasimi Fəxri Xiyabanda dəfnlə sona çatır. O, atasının məzarının qonşuluğunda dəfn olunur. Ata ilə oğul 10 ildən sonra görüşürlər.
Faciə iyunun 29-unda, cümə axşamı günü baş verir. Bütün dünyaya və öz taleyinə qəzəblənmiş psixopatın atdığı güllə Arif Heydərovun ömrünə son qoyur. Özünün iş otağında güllə yarası alan nazir ən yaxşı həkimlərin səylərinə baxmayaraq iyunun 30-na keçən gecə həyatla vidalaşır. 52 illik şərəfli ömür ağlagəlməz təsadüflərin kələfində nöqtələnir.
O isə cəmi 1 gün əvvəl ailəsinin əhatəsinə ad gününü qeyd etmişdi. İrəlidə onu yeni-yeni zirvələr gözləyirdi.
29 iyun faciəsində Arif Heydərovun həlak olması amansız bir təsadüfdü - qatilin hədəfində nazirin həyatı yox idi. Qatil onu öldürməyi planlaşdırmamışdı. Ancaq digər tərəfdən, başqa final mümkün deyildi. Çünki, müqavimət göstərmədən sağ qalmaq variantını seçmək, kabinetində həmkarına qarşı sui-qəsdi sadəcə kənardan izləmək döyüşçü Heydərov üçün nonsens idi - bu, onun bütün həyat prinsiplərini alt-üst edirdi. Odur ki, kimsə bu ölümü ifrat qürurla, ali əxlaqi dəyərlərlə, mənəviyyatın bütövlüyü ilə bağlayacaq. Məntiqlə yaşamış, mənəviyyatın diqtəsindən kənara çıxmadan 52 il ömür sürmüş şəxsiyyət ekstremal şəraitdə də özünə sadiq qaldı - barışmağı yox, müqavimət göstərməyi seçdi.
Burada ifrat qürurdan, böyük vicdandan danışmaq məqəviyyatı kəmiyyətlə ölçməyə bənzəyərdi. Halbuki hələ Alber Kamyu "Sizif haqda əsatir"ində yazırdı: "Dəyər şkalası kəmiyyət tanımır". Vicdanın böyüyü, qürurun üçdə biri, mənəviyyatın çoxu olmur. Onlar ya var, ya da yoxdur. Ekstremal şərait əxlaqın indikatorudur. Bu cəhətdən Arif Heydərov son döyüşündə kənar müşahidəçi olub salamat qalmağı yox, müqavimət göstərib həyatını nöqtələməyi seçdi. Son anında da onun seçim imkanı vardı. O, seçdi. Peşiman yaşamağı yox, qalib kimi ölməyi...
Rey Bredberinin məşhur hekayəsində keçmişdə təsadüfən öldürülən kəpənək bütün gələcəyin mənzərəsini dəyişir. Arif Heydərova atılan güllə də gələcəyə tuşlanmış güllə idi. Və bu cəhətdən onun dostu, yazıçı Cəmil Əlibəyovun cümlələri ilə (düzdür, bir qədər fərqli kontekstdə) razılaşmamaq çətidir:
"Səksəninci illərin axırlarında xalq qalxmaqda olan tufan qarşısında sarsıntı, çaşqınlıq keçirəndə, hərəkətə gəlmiş karvan öz sarvanlarını axtaranda, biz Arif Heydərovu tez-tez xatırlayırdıq. Bax o bir ziyalı, siyasi xadim kimi xalqın qarşısına çıxıb, onu hər cür büdrəmələrdən, sarsıntılardan qoruya bilərdi, kütlə onun işiğına toplaşa bilərdi... Bax buna görə deyirdik ki, Arif Heydərov xalqın kisəsindən - xəzinəsindən getdi və Allah gərək onu bizim əlimizdən belə tezliklə almayaydı, onu bu ağır taleli elimizə çox görməyəydi, bizə bu faciəni rəva bilməyəydi..."
İz
1981-ci ildə ekranlara "Əlavə iz" adlı 75 dəqiqəlik tammetrajlı bədii film çıxır. Detektiv janrda çəkilmiş filmin quruluşçu rejissoru Nicat Bəkirzadə, bəstəkarı Tofiq Quliyev idi. Rollarda məşhur aktyorlardan Şahmar Ələkbərov, Rasim Balayev, Hamlet Xanızadə, Tofiq Mirzəyev və başqaları çəkilmişdi.
Ssenari müəllifi isə Arif Heydərovdu.
Ssenari 1978-ci ildə yazılmışdı, filmin nümayişi isə müəllifsiz oldu.
Sonralar Cəmil Əlibəyov xatırlayacaqdı: "Filmin adını qoyarkən Arif Heydərov, "Əlavə izlər" üzərində dayandı və dedi ki, "iz həm də ümid rəmzidir..."
Bizə qalan yaddaş oldu. İnsan ömrü də yaşanmış anların izi itənə qədər davam edir.
Fərdin ömür süjeti məhdud sayda anlardan ibarətdir. Kamil insanın ömründə bu anlar harmoniyadadır, bir-birini təkzib etmir, bir-birinə dil uzatmır, hər sonrakı an əvvəlkini tamamlayır, davam etdirir və silinməz izə çevrilir. Belə olanda deyirlər: O, bütöv bir İnsan kimi yaşadı. İdeallarını, əqidəsini, mənəviyyatını, əxlaqını yaşadığı dövrün istiqamətini dəyişən küləklərinə uyğunlaşdırmadı.
Və bu cür insanlara görə sivilizasiya hələ məhv olmayıb. Arif Heydərov kimi insanlar öz nümunələri ilə dünyanı saxlayırlar. Ona Titan da deyiblər, Apollon da. O isə həm də Atlantdı...
