Təzə tərəvəzlərin, meyvələrin təbii şirinliyinin və sitrus meyvələrinin ətri ilə hazırlanan bu salat gözəlliyi və ləzzəti ilə süfrələrinizə rəng qatacaq. Rəndələnmiş tərəvəzlərin xırçıltısı, almanın təravəti və nar dənələrinin canlılığı ilə bu salat xüsusilə ət və toyuq yeməklərinin yanında mükəmməl bir tamamlayıcıdır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
2 ədəd orta boy yerkökü
1 ədəd orta boy çuğundur
1 ədəd yaşıl alma, yarım ədəd qırmızı alma
1 kiçik narın dənələri
Sousu üçün:
3 xörək qaşığı sızma zeytun yağı
Yarım limonun suyu, yarım portağalın suyu
1 çay qaşığı duz
1 çay qaşığı bal (istəyə bağlı)
Üzəri üçün:
2 xörək qaşığı iri doğranmış qoz, 1 xörək qaşığı balqabaq tumu, 1 xörək qaşığı kişmiş.
Hazırlanması:
Yerkökü və çuğundurun qabığını soyub rəndələyin.
Almaların çəyirdəklərini çıxarın, qabığını soymadan incə çubuqlar şəklində doğrayın.
Rəndələnmiş tərəvəzləri, almanı və nar dənələrini geniş bir salat qabına alıb yüngülcə qarışdırın.
Ayrı bir qabda zeytun yağı, limon suyu, portağal suyu, duz və balı çalaraq sousu hazırlayın.
Hazırladığınız sousu salatın üzərinə gəzdirin və bütün ərzaqların yaxşıca qarışdığından əmin olun.
Salatı servis boşqabına alın, üzərinə qoz, balqabaq tumu və kişmiş səpin.
Ləzzətin daha yaxşı bütünləşməsi üçün salatı soyuducuda 15-20 dəqiqə dincəltdikdən sonra süfrəyə verin.
Çuğundur, yerkökü və almanı nə qədər incə doğrasanız, salatınız sousu bir o qədər yaxşı canına çəkəcək.
Almaları doğrayan kimi sousla qarışdırsanız və ya üzərinə bir az limon suyu sıxsanız, qaralmasının qarşısını alarsınız.
Çuğundurun digər tərəvəzləri rəngləməməsini istəyirsinizsə, onu ən son əlavə edə və ya ayrı qabda qarışdırdıqdan sonra salata qata bilərsiniz.
Qozu istifadə etməzdən əvvəl tavada bir neçə dəqiqə yüngülcə qovursanız, ətri daha da gözəlləşəcək.
Sousu servis etməzdən az əvvəl əlavə etmək tərəvəzlərin diri və çıtır qalmasına kömək edir.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)