Macarıstanın paytaxtı Budapeştə sadəcə bir universitet qayıtmır. Ölkənin daxili işlərinə müdaxilənin, macar cəmiyyətini manipulyasiya etməyin simvolu dönür.
Təxminən on il əvvəl milli dövlətlə qlobalist şəbəkə, suverenliklə bədnam "açıq cəmiyyət" ideologiyası, ölkənin öz institutlarını qorumaq haqqı ilə xarici strukturların başqa dövlətlərin daxilində xəyanətkar və üzüyola elita formalaşdırmaq iddiası arasında gedən savaşın əsas cəbhələrindən birinə çevrilmiş təsir infrastrukturu indi macarların paytaxtına qayıdır.
Daha çox CEU kimi tanınan Mərkəzi Avropa Universiteti yenidən Budapeştdə diplom verməyə başlaya bilər. Formal olaraq söhbət iki kampuslu modeldən gedir: Vyana və Budapeşt, Avstriya və Macarıstan, köhnə meydan və yeni baza. Fəqət siyasətdə forma demək olar ki, heç vaxt neytral olmur. Xüsusilə də söhbət Corc Sorosun təsis etdiyi universitetdən gedirsə. Sorosun adı çoxdan xeyriyyəçilik çərçivəsindən çıxaraq siyasi məkr, iyrənc planlar və çirkin ssenarilər statusu alıb.
CEU 1991-ci ildə, sosialist blokunun dağıldığı, Mərkəzi və Şərqi Avropanın ideoloji yenidənqurma üçün açıq meydan kimi göründüyü bir vaxtda yaradıldı. O dövrdə bu layihə nəcib təşəbbüs kimi təqdim olunurdu: demokratiya, insan haqları, açıq cəmiyyət, yeni elitalar, yeni akademik mədəniyyət. Ancaq parlaq sözlərin arxasında hər zaman daha sərt məntiq dayanırdı: elitanı kim yetişdirirsə, zamanla dövlətin gələcəyinə çıxış imkanını da o qazanır.
Bu gün CEU Budapeştə akademik müzakirələrin nəticəsi kimi yox, Macarıstandakı siyasi dönüşdən sonra qayıdır. 2026-cı ilin aprelində Macarıstanda on altı il ərzində milli mühafizəkar dövlət modeli quran, Brüsselin liberal institutları və Sorosla bağlı strukturlarla kəskin qarşıdurmaya girən Viktor Orban dövrü başa çatdı. Peter Madyarın yeni hakimiyyəti qlobalizmə dönüş, Avropa İttifaqı ilə münasibətlərin "bərpası" və Orban sisteminin bir hissəsinin sökülməsi barədə danışır. Məhz bu məqamda Sorosun köhnə universiteti yenidən Budapeştin qapısında görünür.
Təsadüfdürmü? Əsla, çünki böyük siyasətdə belə təsadüflər adətən prosesin tərkib hissəsi olur.
CEU-nun tarixi adi universitet tərcümeyi-halı kimi başlamayıb. O, milli akademik ənənənin içindən doğmayıb, Macarıstan cəmiyyətinin daxili tələbinin nəticəsi olmayıb və dövlətin öz təhsil problemlərini həll etmək üçün qurduğu institut kimi meydana çıxmayıb. CEU bütöv bir regionun institusional zəiflik, iqtisadi xaos və siyasi çaşqınlıq yaşadığı bir məqamda xarici ideoloji investorun layihəsi kimi ortaya çıxdı.
Corc Soros bunu çoxlarından yaxşı anlayırdı. 1989-cu ildən sonra sabiq sosialist bloku ölkələrinin təkcə kreditlərə, dərsliklərə və yeni qanunlara ehtiyacı yox idi. Onların öz gələcəklərini izah edəcəkləri dilə ehtiyacı var idi. Bu dili kim təklif edirdisə, nəhəng üstünlük də onun əlinə keçirdi.
CEU məhz belə bir dil və kadr mərkəzinə çevrildi. Universitet politologiya, beynəlxalq münasibətlər, hüquq, ictimai siyasət, sosiologiya, tarix, gender araşdırmaları, media və idarəçilik üzrə mütəxəssislər hazırlayırdı. Yəni körpü mühəndisləri və rayon xəstəxanaları üçün həkimlər yox, ideoloji çərçivələri quran, qanunlar yazan, fondları idarə edən, partiyalara məsləhət verən, beynəlxalq təşkilatlara daxil olan, qeyri-hökumət strukturları yaradan və ictimai gündəmə təsir göstərən adamlar.
Soros universitetinə yönələn əsas sual da elə buradan doğur. Problem onun nə öyrətməsində deyil. Problem kimi, niyə və hansı koordinat sistemi üçün hazırlamasındadır.
Hər böyük universitet elita fabriki sayılır. Amma CEU lap əvvəldən xüsusi tipli elita fabriki idi: transmilli, ingilisdilli, qrant ekosistemi ilə bağlı, liberal qlobalist siyasi lüğətə köklənmiş elita. Kimlərsə üçün bu, modernləşmə idi. Başqaları üçünsə mənaların yumşaq işğalı.
... 2017-ci ildə Viktor Orban hökuməti ali təhsil haqqında qanuna dəyişikliklər qəbul etdi. Bu dəyişikliklər "Lex CEU" kimi tanındı. Qanun Macarıstanda fəaliyyət göstərən xarici universitetlərdən mənşə ölkəsində də təhsil fəaliyyəti göstərməyi və dövlətlərarası sazişin mövcudluğunu tələb edirdi. Formal baxımdan bu, hüquqi norma idi. Siyasi baxımdan isə Soros universitetinə zərbə.
CEU iddia edirdi ki, zəruri tələbləri yerinə yetirib, o cümlədən Nyu-York ştatında akademik fəaliyyət yaradıb. Macarıstan hökuməti isə universitetin Amerika akkreditasiyalı proqramlarını Budapeştdə davam etdirməsinə imkan verəcək sazişi imzalamadı. 2018-ci ildə CEU həmin proqramları Vyanaya köçürdüyünü açıqladı. 2019-cu ildə Vyana universitetin əsas tədris məkanına çevrildi.
O vaxt bir çox Qərb mediası bunu azad düşüncənin Macarıstandan qovulması kimi təqdim edirdi. Amma Macarıstanın öz daxilində bu hekayə başqa cür oxunurdu. Orban üçün CEU sadəcə universitet deyildi. O, onilliklər boyu miqrasiya, azlıqların hüquqları, məhkəmə islahatı, media, vətəndaş cəmiyyəti, seçki müşahidəsi və milli hökumətlərə xarici təzyiq mövzuları ilə işləyən bütöv ideoloji şəbəkənin sinir mərkəzi idi.
Orban sadə bir şeyi anlayırdı: dövlət mənaların istehsalına nəzarət etmirsə, bir gün siyasətə nəzarəti də itirir. O, auditoriyalara və kitabxanalara yox, xaricə yönəlmiş elitanın təkrar istehsal sisteminə zərbə endirdi.
Münaqişənin sərtliyi də bununla izah olunur. CEU ətrafındakı savaş universitet savaşı deyildi, dövlət və ideologiya savaşı idi.
CEU-nun Vyanaya köçməsindən sonra çoxları düşündü ki, Soros Macarıstan raundunu uduzdu. Bu, səthi təəssürat idi. Əslində universitet Budapeştdən yox olmadı. O, binalarını, kitabxanasını, arxivlərini, tədqiqat strukturlarını və ekspert təşəbbüslərini saxladı. Təhsil mərkəzi tədqiqat platsdarmına çevrildi. Tədris getdi, infrastruktur isə qaldı.
Bu, mühüm detaldır. Təsir şəbəkələri qapıları nadir hallarda birdəfəlik bağlayır. Onlar gözləmə rejiminə keçir.
Son illərdə CEU akademik proqramlar, tədqiqat platformaları, Ukrayna, Qərbi Balkanlar, Belarus və Gürcüstandan olan alimlər üçün təşəbbüslər vasitəsilə fəaliyyətini davam etdirirdi. Bu cür layihələr çox vaxt ağır siyasi şəraitdə akademiklərə yardım kimi təqdim olunur. Amma onların başqa funksiyası da var: milli universitetlərlə yox, qrantların, statusun və beynəlxalq legitimliyin xarici paylama mərkəzləri ilə bağlı transmilli intellektual icmalar yaratmaq.
İndi Macarıstandakı siyasi dəyişiklikdən sonra CEU sürgündən qayıdan kimi yox, narahat dövrü səbrlə gözləyib qalib kimi qayıdan aktor kimi şans əldə edir.
Anın dramaturgiyası da buradadır: Soros universiteti ona görə qayıtmır ki, universitet dəyişib. O ona görə qayıdır ki, hakimiyyət dəyişib.
2026-cı ilin aprel seçkiləri Macarıstan üçün əsl siyasi zəlzələ oldu. Peter Madyarın TISZA Partiyası güclü mandat aldı, FİDES hakimiyyəti itirdi, Budapeştdəki yeni siyasi atmosfer isə Orban dövründə xarici təzyiqin bir hissəsi kimi qiymətləndirilən strukturlar üçün xeyli əlverişli hala gəldi.
Yeni hakimiyyət Brüssellə etimadın bərpası, korrupsiyaya qarşı mübarizə, Avropa normalarına qayıdış və institutların təmiri dili ilə danışır. Bu sözlərin özü problem deyil. Amma adətən demokratikləşmə, monitorinq, hüquq müdafiəsi və akademik azadlıq lövhəsi altında əvvəllər fəaliyyət göstərən eyni aktorlar məhz bu formullar üzərindən geri qayıdırlar.
Bu mənada CEU test rolunu oynayır. Əgər Soros universiteti yenidən Budapeştdə tamhüquqlu diplom proqramları əldə edirsə, deməli, söhbət təkcə ali məktəbdən getmir. Bu, bütün şəbəkəyə verilən siqnaldır: Macarıstan yenidən açıqdır.
Qrant strukturları üçün açıqdır. Xaricə yönəlmiş ekspert mərkəzləri üçün açıqdır. Kadr seçim mexanizmləri üçün açıqdır. Milli suverenliyi köhnəlmiş konstruksiya sayan, siyasi idarəçiliyi isə transmilli institutların yerli cəmiyyətləri tərbiyə etmək haqqına malik olduğu sahə kimi görənlər üçün açıqdır.
Məhz buna görə CEU-nun qayıdışını texniki akkreditasiya məsələsi kimi qiymətləndirmək olmaz. Bu, yeni Macarıstanın siyasi markeridir.
Bəlli - CEU tərəfdarları akademik azadlıqdan danışırlar. Bu, güclü arqumentdir. Universitetlərin həqiqətən də düşüncə, müzakirə və tədqiqat üçün sərbəst məkana ehtiyacı var. Amma CEU ilə bağlı problem ondadır ki, o, heç vaxt yalnız universitet olmayıb. O, daha geniş Open Society ekosisteminə daxil idi. Bu ekosistem isə təkcə auditoriyalarda deyil, siyasətdə, mediada, hüquq müdafiə kampaniyalarında, seçki proseslərində və ictimai diplomatiyada da fəaliyyət göstərir.
Məzkur geneologiyaya malik universitetin neytral təhsil meydançası olduğunu düşünmək sadəlövhlükdür. Dünyada neytral elitar institut yoxdur. Harvard, Oksford, Sciences Po, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Pekin Universiteti, bunların hamısı bu və ya digər dərəcədə hakimiyyətin təkrar istehsal mexanizmləridir. Fərq yalnız ondadır ki, kimin hakimiyyətini təkrar istehsal edirlər.
CEU Macarıstan dövlət ənənəsini deyil, liberal transmilli siyasi mədəniyyəti təkrar istehsal edirdi. Onun məzunları təbii şəkildə beynəlxalq təşkilatlara, qeyri-hökumət sektoruna, tədqiqat mərkəzlərinə və mediaya daxil olurdular. Bu mühitlərdə milli dövlət çox vaxt siyasi məsuliyyətin ali forması kimi yox, xaricdən islah edilməli obyekt kimi nəzərdən keçirilir.
Əsas qarşıdurma da məhz buradadır. Milli dövlət sadiq vətəndaşlar və bacarıqlı idarəçilər istəyir. Qlobal şəbəkə isə sərhədlərin üstündən düşünən mobil ideya agentləri istəyir. Bu iki məntiq yalnız ilk böhrana qədər yanaşı mövcud ola bilir. Sonra mübarizə başlayır.
Bəhs etdiyimiz olaylar Azərbaycanın təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan postsovet məkanında ilk anlayan ölkələrdən biri oldu ki, xarici filantropiya heç də həmişə məsum xeyriyyəçilik demək deyil. Bəzən qrant siyasi alətə çevrilir. Bəzən qeyri-hökumət təşkilatı təzyiq kanalına dönür. Bəzən "vətəndaş cəmiyyəti" barədə söhbət xalqın iradəsi və dövlət institutları ilə bağlı olmayan paralel legitimlik sistemi yaratmaq üsulu kimi ortaya çıxır.
Sorosla əlaqəli strukturlar Azərbaycanda da işləməyə cəhd göstərirdilər. Onlar qeyri-hökumət təşkilatları, media, ekspert platformaları və hüquq müdafiə təşəbbüsləri mühitinə daxil olurdular. Amma Azərbaycan bu şəbəkənin müstəqil siyasi mərkəzə çevrilməsinə imkan vermədi. Dövlət xarici maliyyələşmə üçün sərt qaydalar formalaşdırdı, qrant axınlarına nəzarəti gücləndirdi və xarici pulların daxili siyasi gündəmi müəyyən etməsinə yol vermədi.
Bu, təsadüf deyildi. Azərbaycan müharibədən, işğaldan, beynəlxalq strukturların təzyiqindən, ikili standart kampaniyalarından və ona yad gündəmin sırıdılması cəhdlərindən keçib. Belə şəraitdə dövlət vətəndaş fəallığı pərdəsi altında ölkə daxilində kritik məqamda milli maraqlara yox, xarici mərkəzlərə işləyə biləcək təsir infrastrukturunun yaranmasına imkan verə bilməzdi.
Məhz xalqla hakimiyyətin birliyi belə ssenariyə qarşı əsas səddə çevrildi. Dövlətin zəif olduğu yerdə qrant şəbəkələri tezliklə cəmiyyətlə xarici qüvvələr arasında vasitəçiyə çevrilir. Hakimiyyətin ictimai dayağı olduğu yerdə isə belə şəbəkələr şərt diktə etmək imkanını itirir.
Azərbaycan təcrübəsi göstərdi: suverenlik təkcə ordu, sərhəd və diplomatiya ilə qorunmur. O həm də məna, təhsil, media və siyasi dil üzərində nəzarətlə qorunur.
CEU-nun Budapeştə qayıdışı "Open Society" şəbəkəsinin daha geniş yenidən qurulması ilə üst-üstə düşür. 2023-cü ildə fond yeni əməliyyat modeli və ciddi kadr ixtisarları barədə elan verdi. Çoxları bunu geri çəkilmə kimi qəbul etdi. Əslində isə bu, daha çox qüvvələrin yenidən qruplaşdırılmasına bənzəyir.
Köhnə model - çoxsaylı ofislər, geniş coğrafiya, daimi qrant proqramları - artıq həddən artıq görünən, bahalı və siyasi baxımdan toksik mexanizmə çevrilmişdi. Milli hökumətlər onun iş mexanizmlərini oxumağı öyrənmişdilər. Buna görə yeni model daha çevik olur: daha az daimi struktur, daha çox kampaniya, hədəfli layihə, mobil komanda və siyasi fürsətlərə operativ reaksiya.
CEU bu məntiqə ideal şəkildə uyğun gəlir. Universitet fond, partiya və ya lobbi strukturu kimi görünmür. O, akademik institut təsiri bağışlayır. Məhz buna görə daha qiymətlidir. Universitet vasitəsilə kobud siyasi strukturun daha zəif gördüyü işi görmək mümkündür: kadr hazırlamaq, diskurs formalaşdırmaq, etimad şəbəkələri yaratmaq, tədqiqatçıları dəvət etmək, konfranslar təşkil etmək, hesabatlar buraxmaq, islahatların dilinə təsir etmək.
Əgər Soros Mərkəzi Avropada yenidən fəallaşmaq istəyirsə, CEU ən uyğun alətdir. Səs-küylü deyil, partiyalı deyil, küçə mexanizmi deyil, institusional alətdir. Plakat yox, laboratoriyadır. Mitinq yox, kafedradır. Şüar yox, tədris proqramıdır.
Yeni tip yumşaq güc məhz belə işləyir.
Siyasi partiyalar baha başa gəlir və tez yanıb-sönür. Media daimi maliyyə tələb edir və etimadı asanlıqla itirir. Küçə hərəkatları emosiyadan və məqamdan asılıdır. Universitet isə başqa cür işləyir. O, hadisəyə yox, nəsilə investisiya qoyur.
Nazirliyə, beynəlxalq təşkilata, böyük media redaksiyasına və ya hüquq müdafiə şəbəkəsinə düşən bir məzun illərlə gündəmə təsir göstərə bilər. Onlarla məzun peşəkar mühit yaradır. Yüzlərlə məzun kadr ekosistemi formalaşdırır. Minlərlə məzun siyasi mədəniyyət qurur.
Bu mənada CEU xərc deyil, uzunmüddətli kapitaldır. O, sonradan özləri lazımi ideologiyanın daşıyıcısına çevrilən insanlar yetişdirir. Onların birbaşa təlimat almasına ehtiyac yoxdur. Yetərlidir ki, eyni düşüncə məktəbindən keçsinlər, eyni terminləri mənimsəsinlər, "islahatlar", "demokratiya", "haqlar", "suverenlik", "azlıqlar", "inklüzivlik", "Avropa standartları" və "vətəndaş cəmiyyəti" anlayışlarını eyni şəkildə başa düşsünlər.
Beləcə əmr olmadan hakimiyyət yaranır. Dil vasitəsilə idarəetmə. Təhsil vasitəsilə nəzarət. Akademiya vasitəsilə siyasət.
Bu isə birbaşa partiya təbliğatından qat-qat effektivdir.
CEU-nun qayıdışından əsas qazanan təkcə universitetin özü deyil. Orban dövründə Macarıstanda təsirinin bir hissəsini itirən bütün liberal qlobalist infrastruktur qazanır. Budapeştlə uzun illər davam edən mübarizədən sonra simvolik revanş alan Brüssel qazanır. Ölkədə yenidən daha rahat işləmək imkanı əldə edən Qərb fondları qazanır. Beynəlxalq liberal mühitdən etimad işarəsi alan yeni Macarıstan hakimiyyəti qazanır.
Amma bu qələbənin əks üzü də var. Yeni Macarıstan Soros ekosisteminin institutlarını nə qədər sürətlə geri qaytaracaqsa, hakimiyyət dəyişikliyinin təkcə demokratik yenilənmə yox, həm də xarici təsir kanallarının bərpası anlamına gəldiyi barədə şübhələr bir o qədər güclənəcək.
FİDES və cəmiyyətin milli-mühafizəkar kəsimi üçün CEU revanşın ideal simvoluna çevriləcək. Orban hakimiyyəti itirdi, amma onun xarici təzyiqlə bağlı siyasi intuisiyası heç yerə yox olmadı. Yeni hakimiyyət çox sərt və tələsik hərəkət etsə, özü müxalifətə güclü səfərbəredici obraz hədiyyə edəcək: "Soros qayıtdı".
Siyasətdə isə simvollar bəzən sənədlərdən daha güclü olur.
Beləliklə, üç ssenari mövcuddur: akademiya, revanş və ya yeni parçalanma
Birinci ssenari yumşaq normallaşmadır. CEU icazələri alır, proqramlarının bir hissəsini Budapeştdə işə salır, əsas kampusunu Vyanada saxlayır və ictimai münaqişə yaratmamağa çalışır. Bu variantda universitet yeni Macarıstanın Avropa vitrininin bir hissəsinə çevrilir. Risklər qalır, amma siyasi səs-küy tədricən azalır.
İkinci ssenari ideoloji revanşdır. CEU sürətlə mövcudluğunu genişləndirir, onun ətrafında fondlar, hüquq müdafiə strukturları, tədqiqat mərkəzləri və qrant təşəbbüsləri fəallaşır. Bu halda universitet yenidən akademik obyekt yox, siyasi bayraq rolunu oynamağa başlayır. Bu isə milli mühafizəkarlara Macarıstana xarici qayıdış barədə danışmaq üçün güclü əsas verəcək.
Üçüncü ssenari cəmiyyətin yeni parçalanmasıdır. Yeni hakimiyyətin iqtisadi çətinlikləri Soros infrastrukturunun nəzərəçarpacaq dərəcədə güclənməsi ilə üst-üstə düşsə, macarların bir hissəsi bunu suverenliyin Brüsselin rəğbətinə dəyişdirilməsi kimi qəbul edə bilər. O zaman CEU yeni mədəni savaşın mərkəzinə düşəcək - artıq Orbanla Soros arasında yox, gələcək Macarıstanın iki fərqli obrazı arasında savaşın.
Ən real variant birinci və ikinci ssenarilərin qarışığıdır. CEU ehtiyatlı davranacaq, amma onun simvolik çəkisi öz-özlüyündə münaqişəni qızışdıracaq.
CEU-nun Budapeştə qayıdışı köhnə hadisələrin sonu deyil. Yaşananlar Mərkəzi Avropa uğrunda mübarizənin yeni fəslinin başlanğıcıdır. Soros şəbəkəsi yoxa çıxmadı. O, gözlədi. Formasını dəyişdi. Siyasi fürsət pəncərəsinin açılmasını gözlədi. İndi isə milli dövlət tərəfindən sıxışdırılıb çıxarıldığı yerə qayıtmağa çalışır.
Burada təəccüblü heç nə yoxdur. Dayanıqlı ideoloji strukturlar belə işləyir. Onlar seçki dövrləri ilə düşünmürlər. Onlar nəsillərlə düşünürlər.
Məhz buna görə milli dövlətlər belə proseslərə ayıq başla baxmalıdır. Universitet bilik məkanı ola bilər. Amma o həm də təsir mexanizmi ola bilər. Fond haqlardan danışa bilər. Amma o həm də siyasi asılılıqlar formalaşdıra bilər. Qrant tədqiqatı dəstəkləyə bilər. Amma o həm də mühitin loyallığını satın ala bilər.
Budapeşt bu gün yenidən böyük sualın laboratoriyasına çevrilir: ölkənin gələcəyini formalaşdırmaq haqqı kimə məxsusdur - onun öz cəmiyyətinə və dövlətinə, yoxsa açıqlıq, azadlıq və modernləşmə kimi gözəl şüarlarla gələn xarici şəbəkələrə?
Azərbaycan üçün cavab çoxdan aydındır. Suverenliyi autsorsinqə vermək olmaz. Onu fondlara, universitetlərə, xarici ekspertlərə və qrant vasitəçilərinə ötürmək olmaz. Suverenliyi hər gün qorumaq lazımdır - siyasətdə, təhsildə, mediada, mədəniyyətdə və dildə.
Çünki bəzən dövlət ərazisini itirəndə yox, daha əvvəl uduzur - sabah onun xalqına öz müstəqilliyinin keçmişin qalığı olduğunu izah edəcək adamları başqalarının yetişdirməsinə imkan verəndə.
CEU Budapeştə qayıdır. Deməli, Soros Mərkəzi Avropanın qapılarını yenidən yoxlayır.
Əcəba, bu dəfə açar kimin əlindədir?
Elçin Alıoğlu
Milli.Az