Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.
Milli.Az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq üçün müraciət haqqı 4 200 rubldan 50 min rubla yüksəldilib. Beləliklə, vətəndaşlıq üçün dövlət rüsumu təxminən 12 dəfə artırılıb.
Bundan başqa, müvəqqəti yaşayış icazəsi üçün müraciət haqqı 1 920 rubldan 15 min rubla, daimi yaşayış icazəsi üçün ödəniş isə 6 min rubldan 30 min rubla çatdırılıb.
Qanuna əsasən, xarici işçilər üçün iş icazəsinin verilməsi ilə bağlı rüsum da artırılaraq hər bir mütəxəssis üçün 15 min rubl müəyyən edilib.
Eyni zamanda, bəzi kateqoriyadan olan şəxslər bu ödənişlərdən azad ediləcəklər. Keçmiş SSRİ vətəndaşları və həmvətənlərin Rusiyaya köçürülməsi üzrə dövlət proqramının iştirakçıları vətəndaşlıq üçün rüsum ödəməyəcəklər.
Həmçinin, Rusiya üçün xüsusi əhəmiyyət daşıyan şəxslər və onların ailə üzvləri müvəqqəti və daimi yaşayış icazələri üçün dövlət rüsumlarından azad olunacaqlar. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlayan əcnəbi vətəndaşlar da vətəndaşlıq və yaşayış icazələrinin rəsmiləşdirilməsi zamanı rüsum ödəməyəcəklər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)