"Nissan Motor" litium-ion batareyasının idarəetmə blokunda aşkar edilən proqram təminatı nasazlığı səbəbindən 600 min 595 avtomobili geri çağırır.
Şirkətin bununla bağlı Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə rəsmi məlumat təqdim etdiyi bildirilib.
Geriçağırma kampaniyası 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal olunan "Note", "Note Aura" və "X-Trail" hibrid modellərini əhatə edir.
Məlumata görə, batareyanın elektron idarəetmə blokunun proqram təminatındakı qüsur mexaniki nasazlıqlar barədə yanlış siqnallar yarada bilər. Bu isə avtomatik sistemin mühərrikə verilən elektrik enerjisini məhdudlaşdırmasına, bəzi hallarda isə mühərrikin tamamilə sönməsinə səbəb ola bilər. Nəticədə avtomobil hərəkət zamanı gözlənilmədən dayana bilər.
İndiyədək bu nasazlıqla bağlı 452 müraciət qeydə alınıb. Hadisələrdən biri maddi zərərlə nəticələnsə də, xəsarət alanların olduğu barədə məlumat verilməyib.
"Nissan Motor" problemin aradan qaldırılması məqsədilə geriçağırma kampaniyasına daxil edilən bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatını ödənişsiz yeniləyəcəyini açıqlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)