“Kərkük Oğuz Gözəli” adlı musiqi əsərinin təqdimatı Bakıda keçiriliи – (Foto)

26 İyun 2026 21:14

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi Türkman irsinə həsr olunmuş yeni musiqi layihəsini ictimaiyyətə təqdim edib. "Kərkük Oğuz Gözəli" adlı musiqi əsərinin təqdimatı Bakıda keçirilmiş II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu çərçivəsində baş tutub.

Layihə milli-mədəni irsin qorunması və türk dünyasının ortaq dəyərlərinin təbliği məqsədi daşıyır. Musiqi əsərinin sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Azərbaycan Respublikasının Xalq artisti Siyavuş Kərimidir. Əsər Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov tərəfindən yüksək peşəkarlıqla səsləndirilib.

Estrada-simfonik orkestr və xor kollektivinin iştirakı ilə ərsəyə gətirilmiş kompozisiya Kərkükün qədim Oğuz-türk irsini və bu irsin Azərbaycanla mənəvi bağlarını bədii-estetik şəkildə əks etdirir. Musiqi əsəri həm zəngin orkestr boyaları, həm də emosional vokal interpretasiyası ilə seçilir.

Layihə çərçivəsində musiqi əsərinin video-klipi də hazırlanacaq. Çəkilişlərin İraq və Suriya ərazilərində həyata keçirilməsi planlaşdırılır ki, bu da əsərin coğrafi və mədəni autentikliyini daha da gücləndirəcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi bundan sonra da Türk dünyasının ortaq mədəni irsinin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.