Azərbaycan Dövlət Simli Kvartetinin “Kamera Musiqisi Axşamı” adlı konserti baş tutub (Foto)

26 İyun 2026 20:59

24 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında kamera musiqisi həvəskarları üçün maraqlı və yaddaqalan bir musiqi axşamı baş tutdu. Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti çıxış etdi. Kollektivin tərkibində Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) yer aldılar.

Proqramın birinci hissəsində görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin 1 nömrəli Simli kvarteti D-dur, op.11 səsləndirildi. İkinci hissədə isə məşhur violin ifaçısı və bəstəkar F.Kreisler-in Simli kvarteti a-moll təqdim olundu. Hər iki əsər dörd hissədən ibarət olmaqla dinləyicilərə klassik kamera musiqisinin zəngin ifadə imkanlarını nümayiş etdirdi.

İfaçıların peşəkar çıxışı və əsərlərin yüksək səviyyədə təqdimatı musiqisevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.