El Calor en Baku – Azerbaijan Tango Festival parlaq final ilə başa çatdı - (Foto)

26 İyun 2026 17:00

Bakıda ilk dəfə keçirilən Beynəlxalq Tanqo və Mədəniyyət Festivalı El Calor en Baku - Azerbaijan Tango Festival başa çatıb. Festival altı gün ərzində qədim İçərişəhəri musiqi, rəqs, ünsiyyət və mədəni dialoq məkanına çevirib.

Festivalın yekun akkordu kimi Bakı Musiqi Akademiyasının Opera Studiyasında dünya şöhrətli La Argenta Ensamble orkestrinin konserti təşkil olunub. Axşam Argentina tanqosunun əfsanəvi simvoluna çevrilmiş Karlos Qardelin xatirəsinə həsr edilib. Duyğulu melodiyalar, Fernando Erreranın virtuoz aranjimanları və cazibədar Ximena Qonsalesin təsirli vokalı zalda əsl Buenos-Ayres ab-havası yaradıb.

Gecənin xüsusi bəzəyi dünya tanqo ulduzları - Yanina Kinyones və Neri Piliu, həmçinin maestro cütlüklər Xesus Qarqone və Viktoriya Lizunova, Maks İzvekov və Katerina Zakın çıxışları olub. Onların rəqs kompozisiyaları festival həftəsinin kulminasiya nöqtəsinə çevrilərək tamaşaçılara parlaq emosiyalar yaşadıb və müasir səhnə tanqosunun yüksək səviyyəsini nümayiş etdirib. Sənətçilərin çıxışları dəfələrlə alqışlarla qarşılanıb.

Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi çıxışında vurğulayıb ki, mədəniyyət xalqlar və ölkələr arasında ən vacib körpülərdən biridir. Onun sözlərinə görə, festival günlərində Bakı canlı mədəni mübadilə məkanına çevrilib. Burada Argentinanın musiqisi, rəqsi və ənənələri Azərbaycan ictimaiyyətinin səmimi marağı ilə qarşılanıb.

Xüsusi təşəkkür "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəqs Şurasına (AzDC) və layihənin uğurla həyata keçirilməsində iştirak edən tərəfdaşlara bildirilib. Eyni zamanda AzDC-nin prezidenti, Xalq artisti Təranə Muradova, AzDC-nin təsisçisi, altıqat dünya çempionu Eldar Cəfərov, beynəlxalq layihələrin prodüseri və kuratoru Artur Ostrolutski, həmçinin prodüser və beynəlxalq arbitr Valentin Reşetnikovun böyük töhfəsi xüsusi qeyd olunub.

Festival müddətində paytaxt sakinləri və şəhərin qonaqları açıq tanqo dərslərində, ustad dərslərində, açıq havada keçirilən milonqalarda, konsertlərdə və digər tədbirlərdə iştirak etmək imkanı əldə ediblər. İçərişəhər bir neçə gün ərzində qədim Bakının ab-havası ilə Argentinanın ehtiraslı ruhunun harmonik şəkildə birləşdiyi canlı mədəniyyət səhnəsinə çevrilib.

Lakin El Calor en Baku yalnız mədəniyyət bayramı olmayıb. Festival Azərbaycanda tanqonun inkişafında yeni səhifənin əsasını qoyub və Bakının dünyanın ən böyük rəqs tədbirlərinə ev sahibliyi edən beynəlxalq mərkəz kimi mövqeyini daha da gücləndirib.

Təşkilatçılar bildiriblər ki, artıq 2026-cı ildən Bakı MetropoliTango World Cup Official Stage beynəlxalq seriyasının rəsmi meydançasına çevrilib. Bu nüfuzlu layihənin iştirakçıları İtaliyada keçiriləcək dünya finalına vəsiqə qazanmaq imkanı əldə edəcəklər.

Festivalın daha bir mühüm nəticəsi isə Baku Tango Trophy adlı çempionatın yaradılmasının elan olunması olub. Bu təşəbbüs tanqo icmasının inkişafı üçün yeni platformaya çevriləcək. 2027-ci ildən etibarən Bakıda eyni vaxtda iki böyük beynəlxalq tanqo istiqaməti - MetropoliTango və Mundial de Tango, eləcə də UNESCO Beynəlxalq Şurasının "Yeddi rəqs möcüzəsi" layihəsi çərçivəsində yeddi böyük festivalın keçirilməsi planlaşdırılır.

İlk El Calor en Baku festivalı başa çatsa da, təşkilatçılar əmindirlər ki, bu, böyük bir hekayənin yalnız başlanğıcıdır. Elə bir hekayənin ki, Bakı dünya mədəni xəritəsində öz sözünü daha inamla deyir, tanqo isə sərhəd və məsafələrdən asılı olmayaraq insanları birləşdirən beynəlxalq ünsiyyət dillərindən birinə çevrilir.

Festivalın rəsmi səhifəsi:

https://aztangofest.com/az

Festivalın Instagram səhifəsi:

https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy

 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az