Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşam saatlarından iyunun 28-i səhərədək hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, paytaxt və yarımadada leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq. Gecə saatlarında yağıntının qısa müddət ərzində daha da güclənəcəyi ehtimal edilir. İyunun 28-də isə havanın nisbətən sərin keçəcəyi proqnozlaşdırılır.
Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin iyunun 28-i axşam saatlarınadək davam edəcəyi bildirilir. Ayrı-ayrı ərazilərdə güclü yağış, şimşək və dolu müşahidə oluna bilər.
Sinoptiklər xəbərdarlıq edirlər ki, yağıntılar nəticəsində Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarında qısamüddətli sel və daşqınların baş verməsi, həmçinin həssas ərazilərdə subasma hallarının yaranması istisna olunmur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)