İran Hörmüz boğazı üçün marşrut qaydalarını yenidən təsdiqləyib

26 İyun 2026 09:53

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ilə bağlı yeni açıqlama yayıb.

Bildirilib ki, boğazdan təhlükəsiz və nizamlı gəmiçilik yalnız İran tərəfindən rəsmi şəkildə müəyyən edilən marşrutlar üzrə mümkündür.

SEPAH bəyan edib ki, bəzi qurumlar İranı əvvəlcədən məlumatlandırmadan və koordinasiya aparmadan Hörmüz boğazında yeni gəmiçilik marşrutları elan ediblər. Bu addım isə qəbuledilməz və yüksək riskli kimi qiymətləndirilib.

Qeyd olunub ki, boğazdan keçid üçün yalnız İran tərəfindən təsdiqlənmiş dəhlizlərdən istifadə edilməlidir və bu marşrutlardan kənar hərəkət qadağan hesab olunur.

Həmçinin vurğulanıb ki, Hörmüz boğazından keçən gəmilər SEPAH Hərbi Dəniz Qüvvələri ilə 16-cı radio kanalı vasitəsilə mütləq əlaqə saxlamalıdır. Qaydaların pozulması halında isə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)