Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zelenski "Facebook" hesabında paylaşım edib.
Ukrayna lideri bildirib ki, SBU-nun xüsusi təyinatlı "Alfa" Mərkəzinin cəbhədəki fəaliyyəti, uzaqmənzilli və orta mənzilli zərbə planları, eləcə də xidmətin əldə etdiyi nəticələr barədə general-mayor Yevgeni Xmara ona məruzə edib.
"Aqressor dövlətə təsir göstərmək və onu müharibəni dayandırmağa sövq etmək məqsədilə 40 günlük əməliyyatı təsdiqlədim", - deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, SBU artıq bir neçə aydır müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə cəbhədə Ukraynanın mövqelərinin müdafiəsində ən yüksək nəticələri nümayiş etdirir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)