Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qurumun rəis müavini Gülnarə Abbasovanın sözlərinə görə, iyunun 26-sı günün ikinci yarısından etibarən Bakı və Abşeron yarımadasında yağış yağacaq. İyunun 27-si axşam saatlarından 28-i səhərədək yağıntıların leysan xarakteri alacağı, bəzi ərazilərdə qısamüddətli intensivləşəcəyi gözlənilir.
Məlumata əsasən, yağıntılı hava şəraiti iyunun 28-i günorta saatlarınadək davam edəcək. Həmin gün yarımadada güclü şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır.
Rayonlarda da qeyri-sabit hava şəraiti hökm sürəcək. Sinoptiklərin proqnozuna görə, iyunun 29-dək fasilələrlə yağış yağacaq, bəzi yerlərdə yağıntılar güclü olacaq, şimşək çaxacaq və dolu düşəcək.
Bundan əlavə, yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə yerləşən bəzi çaylarda isə qısamüddətli sel və daşqın təhlükəsinin yarana biləcəyi bildirilir.
Xidmət ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı yenilənmiş məlumatların ictimaiyyətə mütəmadi təqdim olunacağını vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)