Vəfat etmiş anasının kredit borcuna görə vətəndaşın aldığı veteran pulunu və qardaşının əlillik pensiyasının 100%-i Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən tutulur.
Bununla bağlı Milli.Az-a Rauf Şirəliyev Musa oğlu şikayət edib.
Şikayətçi Rauf Şirəliyevin sözlərinə görə, Vətən müharibəsində iştirak edərkən anası Tavus Şirəliyeva İsgəndər qızı vəfat edib.
"Anam vəfat edən zaman adında ABB-dən kredit olub. Həmin vaxt mən vəziyyətlə əlaqədar proseslərdə işitrak edə bilmədim. Vərəsə kimi ortancıl qardaşım qeydə alındı, anamın isə adında heç bir daşınar və ya daşınmaz əmlak yox idi.
Mən də hazırda xaricdə yaşayıram, Vətən müharibəsi iştirakçısı olduğuma görə "veteran pulu" alıram. 6 ay idi ki, həmin pulu çıxarmırdım, ABB heç bir xəbədarlıq etmədən kartımda olan 480 manat pulu tutub, daha sonrakı ayın 80 manatını da tutdu. Məsələ ilə bağlı böyük qardaşımla əlaqə saxladım və o da bildirdi ki, anamızın kredit borcuna görə onun da maaşında ABB tutub, bu azmış kimi ortancıl qardaşımın əlillik müavinətindən də tutulma olub.
"Mənə 80 manat veteran pulum köçürüldü, lakin vəsaitin 100 faizi çıxıldı".
Rauf Şirəliyev bildirib ki, vərəsəlik yalnız ortancıl qardaşın keçib və analarından da övladlarına heç bir əmlak qalmayıb.
Şikayətçi hazırda xaricdə yaşadığını, sözügedən kredit müqaviləsinə imza atmadığını və borcun onun adına necə rəsmiləşdirildiyinin aydın olmadığını deyir:
"Xaricdə yaşayıram. Mənim razılığım və imzam olmadan bu necə baş verə bilər? Kreditin mövcudluğundan cəmi bir gün əvvəl bank tətbiqi vasitəsilə xəbər tutmuşam".
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına (ABB) sorğu göndərilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vəfat etmiş şəxsin banklar qarşısındakı kredit borcları birbaşa onun övladlarının üzərinə keçmir. Qanunvericiliyə görə, övladlar valideynlərinin borclarına görə öz şəxsi maaşları, biznesləri və ya şəxsi əmlakları ilə məsuliyyət daşımırlar. Borcun övladlardan tutulması yalnız müəyyən hüquqi şərtlər daxilində mümkündür.
Övladlar vəfat edən şəxsin borcunu yalnız mirası qəbul etdikləri halda və həmin miras əmlakın (ev, maşın, torpaq və s.) bazar dəyəri həddində ödəyirlər. Əgər borc mirasın dəyərindən çoxdursa, qalan hissə silinir.
Vərəsələr notarial qaydada mirası qəbul etməkdən imtina edərlərsə, banklar onlardan heç bir ödəniş tələb edə bilməz.Kredit götürülən zaman borclunun həyatı sığortalanıbsa, ölüm halında kredit qalığını sığorta şirkəti bağlayır və vərəsələrə borc qalmır. Əgər övlad valideynin kredit müqaviləsində rəsmi zamin qismində iştirak edibsə, mirasın olub-olmamasından asılı olmayaraq, borcu tam ödəməyə məcburdur. Vəfat edən şəxsin heç bir əmlakı, sığortası və ya zamini olmadığı təqdirdə, banklar həmin krediti "ümidsiz borc" kimi silməlidir. Mirası qəbul etməyən övladlardan borcun məcburi tələb edilməsi qanunsuzdur.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)