Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nizamnadə qeyd olunub ki, Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin nizamnamə fondu 10 milyon 565 min 947 manat 36 qəpik təşkil edir.
Agentliyin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 üzvdən - əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, "Tibbi sığorta haqqında" qanuna əsasən daxil olan icbari tibbi sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, kreditlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək;
- əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
- icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
- strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək;
- strukturuna daxil olan tibbi qiymətləndirmə komissiyaları vasitəsilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirmək;
- əlilliyi olan şəxslərin Fərdi Reabilitasiya Proqramının tərtibi ilə bağlı çoxsahəli komissiyaların işində iştirak etmək;
Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)