Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək

25 İyun 2026 15:29

Hövsan qəsəbəsində dəmir yolu xəttinin yaxınlığında yerləşən bəzi yaşayış evlərinin sökülməsi prosesinə başlanılıb.

Milli.Az xəbər verir ki, sürətli qatar layihəsi çərçivəsində bir müddət əvvəl ərazidəki evlərin siyahıya alınması, nömrələnməsi və ölçülməsi işləri həyata keçirilirdi. Hazırda isə layihə üzrə praktiki addımlar atılaraq ilk söküntü işləri aparılır.

İlkin məlumata əsasən, evləri və torpaq sahələri layihənin icrası üçün istifadə olunan sakinlərə kompensasiya ödənilir. Maraqlı məqamlardan biri də odur ki, bəzi evlərin mülkiyyət sənədi olmasa da, onların sahiblərinin kompensasiya ilə təmin edilməsi nəzərdə tutulub.

Layihə dəmir yolu ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və gələcəkdə sürətli qatarların hərəkəti üçün uyğun infrastrukturun formalaşdırılması məqsədi daşıyır.

Söküntü və hazırlıq işləri mərhələli şəkildə davam edir. Yaxın aylarda dəmir yolu boyunca yerləşən digər ərazilərdə də oxşar tədbirlərin həyata keçirilməsi gözlənilir.

Məsələ ilə bağlı ADY-dən bildirildi ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.

Dövlət Proqramına əsasən, Yeni Suraxanı-Hövsan xəttinin bərpası işləri çərçivəsində bəzi tikililərin dəmir yolunun mühafizə zonasına düşməsi barədə aidiyyəti üzrə məlumat verilib. Mühafizə zonasında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan xətti ilə yanaşı, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar xətlərinin də bərpası nəzərdə tutulur.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)