"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)

24 İyun 2026 22:20

​Türkiyənin "Fənərbağça" klubu heyətini gücləndirmək yolunda mühüm addım atıb.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli hücumçu Meyson Qrinvud ilə şəxsi şərtlərdə tam razılığa gəlib.

​Fransanın nüfuzlu "L'Equipe" nəşrinin yaydığı məlumata görə, transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir. Lakin tərəflər hələlik qiymət məsələsində ortaq məxrəcə gələ bilmirlər.

​Futbolçunun müqavilə ilə məxsus olduğu Fransanın "Marsel" klubu oyunçu üçün qapını 50-55 milyon avrodan açır. İstanbul nəhənginin təklifi isə fərqlidir. "Fənərbağça" bu transfer üçün Fransa təmsilçisinə 30 milyon avro və əlavə bonuslar təklif edib.

​Klublar arasında razılıq əldə olunarsa, Meyson Qrinvudun tezliklə İstanbula gələcəyi gözlənilir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)