Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)

24 İyun 2026 15:35

Hamburqda AerCap şirkəti ilə lizinq müqaviləsi çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) təhvil verilən ilk Airbus A321neo təyyarəsinin təqdimetmə mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Airbus şirkətinin A320 ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammer, Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satışlar üzrə vitse-prezidenti Şarbel Yuzkatli, AerCap şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti və rəhbəri Con Qovan, Airbus şirkətinin CFM proqramları üzrə baş meneceri Bruno Kastola və AZAL-ın baş kommersiya direktoru Cəmil Manizadə çıxış ediblər.

Tədbirdə çıxış edən Airbus-un A320 ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammer bildirib ki, A321neo ilə AZAL-ın donanması sənayedə ən yaxşı təyyarələrdən biri hesab olunan bir hava gəmisi ilə genişlənir.

"İstehsal həcmləri artdıqca biz bu gün gündə iki-üç təyyarə təhvil veririk, buna görə də çox sayda təntənəli mərasim keçirilmir. Lakin həqiqətən vacib hadisələr üçün istisna edirik və bugünkü tədbir də onlardan biridir - sizə ilk A321neo təyyarəsinin təhvil verilməsi," - deyə o bildirib.

Zammer qeyd edib ki, bu təyyarə yanacaq səmərəliliyi, səs səviyyəsinin aşağı olması və sərnişin komfortu baxımından sənayenin ən yaxşı nümunələrindən biridir.

Onun sözlərinə görə, yeni hava gəmisi AZAL-ın marşrut şəbəkəsini genişləndirməsinə, sərnişinlər üçün komfortu artırmasına və gəlirliliyin yüksəlməsinə imkan verəcək.

Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satış rəhbəri Şarbel Yuzkatli isə bildirib ki, AZAL-a ilk Airbus A321neo-nun təhvil verilməsi həm aviaşirkət, həm də region aviasiya sənayesi üçün mühüm mərhələdir.

O qeyd edib ki, AZAL uzun illər ərzində xidmət keyfiyyəti və əməliyyat fəaliyyəti sahəsində yüksək nəticələr əldə edib və bu inkişaf davamlıdır.

Yuzkatli həmçinin vurğulayıb ki, yeni təyyarə şirkətin beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcək.

AerCap-in EMEA regionu üzrə rəhbəri Con Qovan bildirib ki, şirkət AZAL-ın marşrut şəbəkəsinin genişləndirilməsinə dəstək verməyə hazırdır.

O əlavə edib ki, bu təhvil AerCap tərəfindən AZAL-a verilən üç A321neo təyyarəsindən birincisidir və bu, donanmanın inkişafında mühüm addımdır.

Qovan qeyd edib ki, proqram çərçivəsində ümumilikdə üç A321neo və üç A320neo təyyarəsinin təhvil verilməsi planlaşdırılır və qalan təyyarələr yaxın aylarda təqdim olunacaq.

CFM şirkətinin Airbus proqramları üzrə baş meneceri Bruno Kastola isə bildirib ki, Leap-1A mühərrikləri əvvəlki nəsil mühərriklərlə müqayisədə təxminən 15 faiz daha az yanacaq sərf edir.

O vurğulayıb ki, AZAL-ın yenidən Leap-1A mühərriklərini seçməsi şirkətin texnologiyaya və xidmətə olan etimadını göstərir.

AZAL-ın baş kommersiya direktoru Cəmil Manizadə isə qeyd edib ki, A321neo şirkətin modernizasiya strategiyasında yeni mərhələnin başlanğıcıdır.

O bildirib ki, bu təyyarə yalnız yeni hava gəmisi deyil, həm də AZAL-ın inkişafında yeni səhifədir və yaxın illərdə donanmaya daha çox A321neo təyyarəsinin qoşulacağı gözlənilir.

Tədbir çərçivəsində iştirakçılara "A321neo: təyyarənin yaradılma yolu" adlı videoçarx nümayiş etdirilib.

Daha sonra Airbus A321neo-nun AZAL-a təhvil verilməsini simvolizə edən xatirə hədiyyələrinin təqdimetmə mərasimi keçirilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)