Dünya çempionatındakı yeni qaydanın səbəbi məlum oldu

24 İyun 2026 15:51

FIFA prezidenti Canni İnfantino DÇ-2026 zamanı tətbiq olunan su fasilələrinin səbəblərindən danışıb.

Milli.Az xəbər verir ki, FIFA-nın rəsmi açıqlamasına görə, İnfantino bildirib ki, bu qərarın əsas səbəbi isti hava şəraitidir. Onun sözlərinə görə, 39 gün davam edən turnirdə komandalar səkkiz oyuna qədər keçirə bilər və futbolçuların qısa istirahət etməsi böyük əhəmiyyət daşıyır.

FIFA rəhbəri qeyd edib ki, təşkilat bütün komandalar üçün eyni oyun şəraitinin yaradılmasına çalışır. O bildirib ki, bəzi matçlarda yüksək temperatur səbəbindən məşqçilərin əlavə fasilələrdən yararlanması, digər oyunlarda isə belə imkanın olmaması ədalətli hesab edilmir.

İnfantino həmçinin su fasilələrinin maliyyə məqsədi daşımadığını vurğulayıb. Onun sözlərinə görə, bütün kommersiya müqavilələri əvvəlcədən bağlanıb və FIFA bu qərardan əlavə gəlir əldə etmir.

Qeyd edək ki, DÇ-2026 oyunlarında su fasilələri 22-ci və 67-ci dəqiqələrdə təşkil olunur. Təxminən üç dəqiqə davam edən fasilələrdən sonra itirilən vaxt oyunun sonuna əlavə edilir. Bu praktika dünya çempionatları tarixində ilk dəfə tətbiq olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)