"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova açıqlayıb.
Onun sözlərinə görə, körpələrin immun sistemi ilk aylar və illərdə tam formalaşmadığı üçün oyuncaqlar üzərində toplanan bakteriyalar, viruslar, tüpürcək qalıqları və toz bəzi infeksiyaların yayılmasına səbəb ola bilər:
"Xüsusilə diş çıxarma dövründə körpələr demək olar ki, hər əşyanı ağızlarına apardıqları üçün oyuncaqların düzgün və müntəzəm təmizlənməlidir. Məsələn, körpənin daim əlində və ağzında olan plastik və silikon oyuncaqlar hər gün yuyulmalıdır. Oyuncaq yerə düşdükdə, başqa uşaq istifadə etdikdə, körpə qrip, bağırsaq infeksiyası və ya ağız yaraları keçirdikdə dərhal yuyulmalıdır".
Pediatr qeyd edib ki, ən təhlükəsiz üsul ilıq su və uşaq üçün uyğun yumşaq sabundan istifadə etməkdir:
"Yuyulduqdan sonra yaxşıca durulanmalı və tam qurudulmalıdır. Çox güclü dezinfeksiyaedici maddələrdən tez-tez istifadə etməyi məsləhət görmürük, çünki kimyəvi qalıqlar körpənin ağız yolu ilə qəbul edilə bilər. Parça oyuncaqlar toz, allergen və mikrobları daha çox saxladığı üçün həftədə bir dəfə yuyulmalıdır və tam qurudulmalıdır".
G.İlyasova bildirib ki, nəm qalan oyuncaqlarda kif və göbələk inkişaf edə bilər.
Müəllif: Mina Mikayılova (müxbir)