Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)

24 İyun 2026 12:30

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov prospektində qeydə alınan qəza zamanı sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma zamanı müəyyən edilib ki, "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə 1987-ci il təvəllüdlü Xalid Hatəm oğlu Abbasovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)