Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü

24 İyun 2026 11:28

Türkiyənin Kastamonu və Samsun vilayətlərində pilotsuz uçuş aparatları sakinlər arasında narahatlığa səbəb olub.

Samsunun Alaçam rayonunda yerləşən bir ərazidə sakinlər tərəfindən hündürlükdən düşdüyü ehtimal olunan mühərrik hissəsi aşkarlanıb. Hadisə yerinə jandarma və xilasedici qruplar cəlb olunub, ərazi mühafizəyə götürülüb.

İlkin ehtimallara görə, tapılan hissənin kamikadze tipli pilotsuz uçuş aparatına aid ola biləcəyi bildirilir. Bununla yanaşı, detalın mənşəyi və hansı uçuş aparatına məxsus olması texniki ekspertizadan sonra müəyyənləşdiriləcək.

Digər hadisə isə Kastamonunun Cide rayonunda qeydə alınıb. Məlumata görə, pilotsuz uçuş aparatı yaşayış evinin yaxınlığındakı bağ sahəsinə düşüb. Yerə çırpıldıqdan sonra aparatın alovlandığı və tamamilə yararsız vəziyyətə düşdüyü bildirilir.

Hadisə zamanı evə ciddi ziyan dəyməsə də, pilotsuz aparatın yaşayış məntəqəsinə yaxın əraziyə düşməsi yerli sakinlər arasında narahatlıq yaradıb. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)